www.science.az
19.06.2014 00:00

AMEA Şəki Regional Elmi Mərkəzində “Tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri” mövzusunda seminar keçirilib

Bu gün AMEA Şəki Regional Elmi Mərkəzində “Tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri” mövzusunda seminar keçirilib. Seminarda mövzu üzrə İpəkçilik laboratoriyasının əməkdaşı, kiçik elmi işçi Nərgiz Xəlilova məruzə ilə çıxış edib.

Tut ipəkqurdunun məhsuldarlığına mühitin təsirləri haqqında məlumat verən Nərgiz Xəlilova bildirib ki, əlverişsiz şəraitə uyğun yeni xətt və hibridlərin yaradılması istiqamətində laboratoriyada elmi-tədqiqat işləri davam etdirilir. Qeyd edib ki, havanın temperaturu 15 dərəcəyə düşdükdə və 30 dərəcədən yuxarı olduqda ipəkqurdu qidalanmır və tələf olur. Bu səbəbdən ipəkqurdunun normal qidalanması üçün ən əlverişli şərait ətraf mühitdə hava temperaturunun 23-25 dərəcə olması hesab olunur. Məruzəçi yağıntının və rütubətin çox olmasının da ipəkqurdunun xəstələnməsinə səbəb olan və onun yaşama qabiliyyətini aşağı salan amillərdən olduğunu söyləyib.

Sonda N.Xəlilova laboratoriyada aparılan tədqiqatlar və ipəkqurdunun məhsuldarlığının artırılması istiqamətində mütəmadi olaraq həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.