Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.11.2019 09:26
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Bakı Dövlət Universitetinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə elm və təhsilin inteqrasiyası (ISE-2019) mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. 

Dövlət başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bütövlükdə Azərbaycan xalqını təbrik edib. BDU-nun bu xalqın taleyində əhəmiyyətli rolundan danışan ölkə rəhbəri universitetin 100 il ərzində ölkənin hərtərəfli inkişafına böyük töhfələr verdiyini vurğulayıb.

BDU-nun Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qərarı ilə təsis edildiyini xatırladan Prezident İlham Əliyev AXC-nin süqutundan sonra da universitetin yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirdiyini bildirib. Qeyd edib ki, 100 il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirib. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxıb.

Ölkə Prezidenti Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin də BDU-nun məzunu olduğunu,  ümummilli liderin həm sovet, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək universitetin keçdiyi şanlı və şərəfli yoldan bəhs edib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyində iştirakına görə dövlət başçısına dərin minnətdarlığını bildirib.

E.Babayev rəhbəri olduğu universitetin müsəlman Şərqinin yeni tipli ilk ali təhsil müəssisəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin bizə yadigarı olduğunu, bu müqəddəs təhsil ocağının vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində yarandığını deyib.

Bakı Dövlət Universitetinin fəaliyyət göstərdiyi dövr ərzində 200 mindən çox mütəxəssis, o cümlədən bir sıra xarici ölkələr üçün yüzlərlə yüksəkixtisaslı kadrlar hazırladığını diqqətə çatdıran E.Babayev universitetin bu missiyanı hazırda da uğurla davam etdirdiyini bildirib.

Rektor Azərbaycan Milli Elmlər Akademiyasının 176 həqiqi və müxbir üzvündən 93-nün, Milli Məclisin 117 üzvündən 46-sının, eləcə də ali struktur rəhbərlərinin böyük əksəriyyətinin BDU-nun məzunları olduğunu fəxarət hiss ilə qeyd edib.

Tədbirdə universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru, akademik Roald Saqdeyev, Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanov çıxış ediblər.

Konfransda Roald Saqdeyev “İnteqrasiya edilmiş tədqiqat və təhsil yanaşmasında ən yaxşı təcrübələr”, İsraildən Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov “İnnovasiya, texnologiya və sahibkarlıq əsrində ali təhsil və tədqiqat”, Kembric Molekulyar biologiya laboratoriyasının müdiri, professor Qərib Mürşüdov “Elm və təhsil arasında əlaqələr: tədqiqat institutları və təhsil universitetləri”, Səudiyyə Ərəbistanı Kral Fahd Neft və Mineral Universiteti, Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin fakültə üzvü, geologiya elmi proqramının rəhbəri Cek Dvorkin “Fundamental elm və aspirantura: rəqəmsal geologiya nümunələri əsasında” mövzusunda məruzələrlə çıxış ediblər.

Həmçinin “Tədqiqatların ölçülməsi və innovasiyaların tətbiqi: Bakı Dövlət Universiteti “Web of Science” prizmasından”, “İslamabad COMSATS Universitetində elm və təhsil”, “Müasir molekulyar biotexnologiyanın gücü: səhiyyə, kənd təsərrüfatı, ərzaq istehsalı və sənaye sahələrində tətbiqi”, “Bakı Dövlət Universitetində dəqiq və texniki elmlərin tədrisində təhsil və elmin vəhdəti”, “Bilik və bacarıq, öyrətmə və yoxlama - şəxsi perspektivlər” mövzularında məruzələr dinlənilib. 

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan mərasim bu qocaman təhsil ocağının himninin ifası və müxtəlif ölkələrdən gəlmiş ali məktəb nümayəndələrinin təbrikləri ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: