Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.11.2019 17:42
  • A-
  • A
  • A+

"Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" mövzusunda elmi seminar keçirilib

"Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" mövzusunda elmi seminar keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr olunan "Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" mövzusunda elmi seminar keçirilib.

Tədbirdə institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyini müdafiə etməsindən danışıb. Qeyd edib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək dövlət başçısının müvafiq Sərəncamına əsasən Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin geniş miqyasda qeyd olunduğunu vurğulayıb. Alim bildirib ki, görkəmli şəxsiyyətlərimizə həsr olunan bu cür kütləvi tədbirlər onların həyat və fəaliyyətlərinin daha dərindən öyrənilməsi və təbliğ edilməsi baxımından faydalıdır.

Daha sonra institutun əməkdaşları - elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Əhməd bəy Ağaoğlu – Difai fədaisi”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Əhməd bəy Ağaoğlu və Atatürk münasibətləri”, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdir əvəzedicisi, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov “Əhməd bəy Ağaoğluna görə islahat zərurəti”, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Əhməd bəy Ağaoğlunun əsərlərində İran məsələsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə böyük mütəfəkkirin Atatürklə yaxın münasibəti, Türkiyə Cümhuriyyətinin qurulmasında onun ideoloji-siyasi rolu, maarif naziri olması, Türkiyə Böyük Millət Məclisində ardıcıl olaraq 2 dəfə millət vəkili seçilməsi kimi məsələlərdən bəhs olunub. Həmçinin Əhməd bəy Ağaoğlunun əsrin əvvəlində Azərbaycan türklərini soyqırıma məruz qoyan erməni daşnaklarına qarşı yaratdığı “Difai” hərəkatındakı misilsiz xidmətləri və həmişə sadiq qaldığı türkçü-turançı fikirləri, islahatçı mövqeyi tarixi faktların, sənədlərin dili ilə ifadə olunub. Bildirilib ki, ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: