Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

25.11.2019 15:51
  • A-
  • A
  • A+

Qobustan abidələri tədqiqatçısının yubileyi qeyd olunub

Qobustan abidələri tədqiqatçısının yubileyi qeyd olunub

Qobustan Milli Tarix-Bədii Qoruğunda tanınmış arxeoloq, Qobustan abidələrinin tədqiqatçısı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Firuzə Muradovanın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev xalqımızın milli sərvəti olan Qobustan qayaüstü təsvirlərinin tədqiqi və öyrənilməsində Firuzə Muradovanın əvəzsiz xidmətlərindən danışıb. 

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək alimin həyat yolu, elmi tədqiqatları və Azərbaycan arxeologiya elminə verdiyi töhfələrdən bəhs edib. AMEA-nın vitse-prezidenti arxeoloqun yorulmaz elmi fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirdə Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova alimin səmərəli iş fəaliyyətindən söz açıb, onun Qobustanın maddi mədəniyyət qalıqları əsasında arxeoloji mədəniyyətləri tədqiq etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Firuzə Muradova 100-dən artıq elmi əsərin, o cümlədən “Qobustan tunc dövründə”, “Qobustan petroqlifləri” və “Kiçikdaş abidələri” kitablarının müəllifidir.

Mərasimdə çıxış edən AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və digərləri F.Muradovanı 85 illik yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra yubilyarın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonda F.Muradovaya Qobustan Milli Tarix- Bədii Qoruğu adından Fəxri fərman və hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: