www.science.az
19.11.2019 18:48

III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” işə başlayıb

Noyabrın 19-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” işə başlayıb.

Simpoziumda Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən yüzə yaxın alim və mütəxəssis iştirak edir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin qədim tarixi köklərə bağlı olduğunu söyləyib. O, hazırda iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

"Türkiyə-Azərbaycan birliyinin fəlsəfəsini ən mükəmməl şəkildə ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” kəlamı ilə ifadə edib" - deyən İ.Həbibbəyli bütün beynəlxalq təşkilatlarda Türkiyənin hər zaman Azərbaycanla bağlı məsələlərdə ölkəmizə böyük dəstək verdiyini vurğulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinə xüsusi əhəmiyyət veriblər və bu siyasət hazırda uğurla davam etdirilir. Bütün bunlar iki ölkə arasında böyük tarixi ənənələrə malik dostluq və qardaşlıq əlaqələrinin XXI əsrdə yeni bir müstəviyə gəlib çıxması ilə nəticələnib. Bu birlik digər türk dövlətləri üçün də böyük örnək, mükəmməl bir nümunədir.

Azərbaycan-Türkiyə elmi əlaqələrinin sürətlə inkişaf etdiyini deyən AMEA-nın vitse-prezidenti hər il akademiyada Türkiyə elmi, ədəbiyyatı ilə bağlı müxtəlif simpozim və konfransların keçirildiyini qeyd edib. Alim vurğulayıb ki, aparılan birgə elm siyasəti həm Türkiyədə, həm də ölkəmizdə elmi mühitin inkişafına öz töhfələrini verir.

"Simpoziumda Qara dəniz beynəlxalq sosial elmlər dərgisinin redaksiya heyətinin üzvləri ilə birgə hər iki ölkə arasında elmi əlaqələr müzakirə olunacaq. Türkiyənin bütün institutlarının, akademik qurumlarının jurnallarında Azərbaycan alimlərinin müxtəlif sahələrdə məqalələri çap olunur. Həmin dərgilərin redaksiya heyətində azərbaycanlı alimlər təmsil olunurlar. Eyni zamanda, akademiyanın müxtəlif institutlarının nəşrlərinin redaksiya heyətinin üzvləri qardaş ölkənin alimləridir " - deyə İ.Həbibbəyli bildirib. 

Tədbirdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, professorlar Ərdoğan Altınkaynak, Roin Kavrelişvili və digər çıxış edənlər beynəlxalq dərginin elmi, fəlsəfi mahiyyətindən söz açıb, beynəlxalq simpoziumun işinə uğurlar arzulayıblar.

Simpozium işini bölmə iclaslarında davam etdirib. Üçgünlük beynəlxalq tədbirdə ümumilikdə 96 məruzə dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.