Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2019 17:31
  • A-
  • A
  • A+

Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib

Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib

Noyabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib.  

Tədbir Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Bolqarıstan, Polşa, Türkiyə və Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları,  elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, yazıçının nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötükcəsi Przemislav Cavanşiri də iştirak ediblər.

Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb. Ölkəmizdə ədəbiyyata daim xüsusi önəm verildiyini qeyd edən K.Tahirov Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışıb, onun ölməz əsərləri ilə bağlı fikirlərini bildirib.

Sonra çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, görkəmli yazıçı Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və milli istiqlal hərəkatının əsas simalarından biri kimi şöhrət qazanıb. O, Azərbaycanda yeni tipli realist-satirik ədəbiyyatın və demokratik mətbuatın əsasını qoyub.

V.Əliyev qeyd edib ki, cəhalətə, savadsızlığa, despotizmə qarşı mübarizə aparan Cəlil Məmmədquluzadə publisistik fəaliyyəti ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib. Sənətkar o dövrün fakt və hadisələrini həyat həqiqətlərinə uyğun şəkildə təsvir edib və bir sıra yadda qalan canlı surətlər yaradıb. 

Nazir müavini istər sovet dövründə, istərsə də müstəqillik illərində böyük realist yazıçı Cəlil Məmmədquluzadə yaradıcılığının, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, ədibin xatirəsini əbədiləşdirmək üçün Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə Cəlil Məmmədquluzadənin adı verilib. 1967-ci ildə Mirzə Cəlilin şərəfinə keçmiş Astraxan rayonu və şəhəri Cəlilabad, Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb, Naxçıvanda və Cəlilabadda heykəli ucaldılıb. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində böyük ustadın xatirə muzeyləri açılıb. 1999-cu ildə ulu öndər Heydər Əliyev Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında iştirak edib. Ölkəmizdə görkəmli ədib Mirzə Cəlilin anadan olmasının 100, 125, 140 illik yubileyləri təntənəli şəkildə qeyd olunub.

Bu il Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət işçiləri ilə görüşünü xatırladan V.Əliyev görüşdə Xalq yazıçısı Anarın Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulması təklifini irəli sürdüyünü bildirib. Vurğulayıb ki, hazırda bu istiqamətdə işlər görülür.

Daha sonra C. Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən “Qaranlıqdan işığa” sənədli filmi nümayiş olunub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığının əsas mövzusunun Vətən, millət və dil olduğunu vurğulayıb: “Bəzən Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir və başqaları haqqında naqis fikirlər səsləndirilir. Guya bu adamlar Azərbaycan xalqını tənqid ediblər. Onlar bu xalqı ona görə tənqid ediblər ki, xalqımız cəhalətdən qurtulsun, onu əsarətdə saxlayan buxovları qırsın, dünyanın digər xalqları ilə bərabər ola bilsin. Bu baxımdan biz Mirzə Cəlilin də nə qədər əhəmiyyətli olduğunu görürük”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə çıxışında Cəlil Məmmədquluzadənin milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, böyük ədibin "Molla Nəsrəddin" jurnalının 27 noyabr 1917-ci il 24-cü sayında çap olunan və azərbaycançılıq konsepsiyasının bəyannaməsi adlandırılan “Azərbaycan” məqaləsi 100 il keçməsinə baxmayaraq, bu gün də azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Akademik İ.Həbibbəyli qeyd edib ki, yazıçının azərbaycançılıq ideologiyasının tərəfdarı olması onu özündən əvvəlki və sonrakı mütəfəkkirlərdən fərqləndirən əsas elementlərdir. Ədibin dərin humanist məzmuna malik dram və nəsr əsərləri, bədii publisistikası özündə milli və bəşəri dəyərləri ehtiva edir. Xalqın vətənpərvərlik, azadlıq ruhunda maariflənməsi, demokratik cəmiyyət quruluşunun mahiyyətini açması yazıçının məşhur "Cümhuriyyət'' məqaləsində öz əksini tapıb.

Bildirilib ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyeton, məqalə və məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərinə toxunub.

İsa Həbibbəyli görkəmli yazıçının Cəlil Məmmədqulzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından da bəhs edib. Diqqətə çatdırıb ki, 1994-cü ildə böyük ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli lider Heydər Əliyev xüsusi diqqət göstərib. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərlərini əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu qeyd edirdi.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çaskıcı və digərləri çıxış edərək  görkəmli yazıçının zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə danışıb, onun əsərlərinin elmi-fəlsəfi əhəmiyyətindən bəhs ediblər.

Konfrans çərçivəsində Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazasının təqdimatı da olub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: