Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
18.11.2019 14:08
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, həmin müəssisənin əməkdaşları - professor Telman Məlikov, AMEA-nın professoru Rövşən Bəndəliyevİdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın professoru İlqar Məmmədovun həmmüəllifi olduğu məqalə “Web of Science” beynəlxalq bazasında referatlaşdırılan “Differential Equations” yüksək impakt faktorlu jurnalda dərc edilib.

AMEA Rəyasət Heyətinin qrantı çərçivəsində dərc olunan məqalə “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həll olunması barədə” adlanır.

Məqalədə qeyri-hamar əmsallı, dörd tərtibli ümumiləşmiş Manjeron tənliyi üçün  verilmiş düzbucaqlı oblastda uzlaşma şərtləri tələb etməyən, qeyri-klassik şərtli Neyman məsələsinə baxılır. Qoyulmuş məsələnin həlli izotrop Sobolev fəzasında axtarıldığı halda əsaslandırılır ki, bu şərtlər klassik sərhəd şərtlərinə ekvivalentdirlər. Korrekt həll olunmanın qurulması inteqral göstərilişlər üsulu əsasında, məsələni inteqral tənliklər sisteminə reduksiya etməklə həyata keçirilir. Ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması operator  tənliklər üsulu ilə isbat edilir.

Xüsusi qeyd edək ki, bu vaxta qədər ədəbiyyatda ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi əmsallar ancaq kifayət qədər hamar olan hal üçün öyrənilib. Bu işdə ilk dəfə olaraq tənliyin əmsalları üzərinə kifayət qədər təbii şərtlər qoyulmaqla ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi tədqiq edilir. Bundan başqa, baxılan ümumiləşmiş Manjeron tənliyi müxtəlif fiziki proseslərin çoxlu model tənliklərinin ümumiləşməsidir. Beləliklə, baxılan məsələ nəinki nəzəri, həm də böyük praktiki maraq kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: