Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Teleradio Akademiyasında akademik Rasim Əliquliyevin mühazirəsi dinlənilib
15.11.2019 16:41
  • A-
  • A
  • A+

Teleradio Akademiyasında akademik Rasim Əliquliyevin mühazirəsi dinlənilib

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılan Teleradio Akademiyasında “Müasir texnologiyalar və informasiya təhlükəsizliyi” mövzusunda mühazirə ilə çıxış edib. 

Akademik Rasim Əliquliyev Azərbaycanda informasiya təhlükəsizliyi məsələsinin 1995-ci ildən başlayaraq aktuallaşdığını və milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi əhəmiyyətli rola malik olduğunu vurğulayıb. O, müasir dövrdə təhlükəsizlik məfhumunun hüdudlarının genişləndiyini, təkcə informasiyanı deyil, həyatın bir çox sahələrini əhatə etdiyini söyləyib.

“İKT-nin sürətlə inkişaf edərək insan fəaliyyətinin bütün sahələrinə uğurla tətbiq edildiyi, elektron dövlətin, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə milli təhlükəsizliyin təmin olunması məsələsinə yeni baxışlar, yanaşmalar, metodologiyalar tələb olunur”, – deyə bildirən alim qeyd edib ki, artıq ənənəvi üsul və vasitələrlə milli təhlükəsizliyi təmin etmək mümkün deyil. Onun sözlərinə görə, ənənəvi cəmiyyət informasiya cəmiyyəti ilə əvəz olunduğu kimi, onun təhlükəsizliyi məsələsi də informasiya texnologiyaları amillərindən yüksək dərəcədə asılı vəziyyətə düşür.

İnformasiya Texnologiyaları İnstitutunda artıq 20 ildən çoxdur ki, bu sahə üzrə tədqiqatların aparıldığını deyən R.Əliquliyev müəssisədə informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin elmi-nəzəri əsaslarının araşdırıldığını, bu sahədə dünya təcrübəsinin öyrənildiyini vurğulayıb. O, əldə olunmuş mühüm elmi nəticələrin nüfuzlu jurnallarda dərc olunduğunu diqqətə çatdırıb.

Alim noyabrın 30-da bütün dünyada qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün əhəmiyyətindən danışaraq, hər il bu tarixi günlə bağlı rəhbərlik etdiyi müəssisədə elmi konfransın keçirildiyini bildirib. R.Əliquliyev tədbir iştirakçılarını noyabrın 29-da keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransına dəvət edib. O, konfransda fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin müzakirə olunacağını bildirib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda akademik Rasim Əliquliyev AzTV-yə müsahibə verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: