www.science.az
06.11.2019 09:35

Akademik Yaqub Mahmudov: Küveytə səfər etməkdə əsas məqsəd Azərbaycan həqiqətlərini ölkə ictimaiyyətinə çatdırmaqdır

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Küveytdəki səfiri Elxan Qəhrəmanovla görüşüb.

Nümayəndə heyətinə institutun elmi katibi, t.ü.f.d., dosent İradə Əliyeva, Qarabağ tarixi şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmudova daxildir.

Görüşdə Yaqub Mahmudov ölkəmizin Küveytdəki səfirliyinin təşkil etdiyi səfər proqramına görə E.Qəhrəmanova təşəkkürünü bildirib. O, səfərin əsas məqsədinin Azərbaycan həqiqətlərini - müasir Ermənistan Respublikasının ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu, ermənilərin Cənubi Qafqaza çar Rusiyası tərəfindən Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürüldüyünü, vaxtilə Azərbaycan dövləti olan İrəvan xanlığında 300-dən çox məscidin olduğunu, 1918-ci ildə Azərbaycan torpaqlarında erməni dövləti yaradıldıqdan sonra bu məscidlərin erməni vandalları tərəfindən tamamilə məhv edildiyini və hazırda işğal olunmuş Qarabağ torpaqlarında da tarixi abidələrimizə qarşı erməni vandalizminin davam etdiyini Küveyt ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayıb.

Səfir Elxan Qəhrəmanov bu kimi tədbirlərin keçirilməsinin hər bir Azərbaycan vətəndaşı üçün bir şərəf, ləyaqət işi olduğunu bildirib. Diplomat tarixi həqiqətlərin islam dünyasına çatdırılmasının zəruriliyini qeyd edib.

Görüşün sonunda Yaqub Mahmudov Azərbaycanın Küveytdəki səfirliyinə Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.