www.science.az
05.11.2019 16:45

Botanika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

ABŞ-ın Botanika Bağlarının Bitki Toplanılması Əməkdaşlığının üzvləri - Çikaqo Botanika Bağının direktoru, Dr. Philip Douglas və İsveçrənin Aqrar Elmlər Universitetinin professoru Henrik Sjöman AMEA-nın Botanika İnstitutunda olublar.

Səfərin məqsədi 2017-ci ildə AMEA-nın Botanika İnstitutu və Botanika Bağlarının Bitki Toplanılması Əməkdaşlığı arasında bağlanmış memorandum çərçivəsində həyata keçirilən birgə layihələrin müzakirəsi idi.

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə ilə görüş zamanı qonaqlara müəssisənin beynəlxalq layihələri və elmi-tədqiqat işləri barədə məlumat verilib. Bundan əlavə, müştərək tədqiqatların aparılması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.

Qonaqlar, həmçinin institutda fəaliyyət göstərən laboratoriyalar və Herbari fondu ilə tanış olublar.

Səfər müddətində xarici alimlərin iştirakı ilə Lənkəranın meşə ekosistemində "Quercus castaneifolia" və "Parrotia persica" ağac növlərini müşahidə etmək məqsədilə müştərək ekspedisiya həyata keçirilib.

Sonda Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan seminarda qonaqlar apardıqları tədqiqatların nəticələri ilə gəncləri tanış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.