www.science.az
05.11.2019 09:49

Küveytdə Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin təqdimatı olub

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveytin Vəqflər və İslam İşləri Nazirliyinin nəzdində fəaliyyət göstərən “İslam araşdırmaları və Quran elmləri” departamentinin direktoru, doktor Fəhd Əl-Canfavi ilə görüşüb.

Nümayəndə heyətinə institutun elmi katibi, t.ü.f.d., dosent İradə Əliyeva, Qarabağ tarixi şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmudova daxildir.

Görüşdə Yaqub Mahmudov Azərbaycanla Küveyt arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanın xarici siyasətində islam ölkələrinin mühüm yer tutduğunu vurğulayıb.

Ulu öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında əvəzsiz xidmətlərindən bəhs edən alim sovetlər dönəmində dağıdılan Bibiheybət məscidinin bərpasının ulu öndərin təşəbbüsü ilə həyata keçirildiyini bildirib. Qeyd edib ki, hazırda ölkəmizdə yüzlərlə məscid var və Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidlərin bərpası ilə bağlı məsələlərə xüsusi diqqət yetirir.

Akademik Yaqub Mahmudov deyib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə-yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpaqlarında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır.

Görüşdə erməni vandalizmini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra “İslam Araşdırmaları və Quran elmləri” departamentində Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarının təqdimatı keçirilib.

Tədbirin sonunda həmin kitablar departamentə hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.