www.science.az
01.11.2019 16:11

Məşhur mesenant Hacı Zeynalabdin Tağıyevin kötükcəsi AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Məşhur mesenant və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsi Alban Klod AMEA-nın Şərqşünaslıq İnstitutunda olub.

Qeyd edək ki, Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə Hacı Zeynalabdin Tağıyevin xalqımız üçün gördüyü işlərdən, onun və ailəsinin acı taleyindən danışılıb. Bildirilib ki, görkəmli xeyriyyəçi Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması istiqamətində tarixi missiya həyata keçirib.

Görüşdə A.Klodun nəsillərini davam etdirdiyi digər görkəmli şəxsiyyətlərimizdən də söhbət açılıb. Qonağa Hacı Zeynalabdin Tağıyev, eləcə də Qacarlar barədə elmi araşdırmalar aparmaq tövsiyyə olunub. Bildirilib ki, Qacarlarla bağlı tədqiqatların aparılmasında məhz Şərqşünaslıq İnstitutu ona böyük dəstək ola bilər. 

İnstitutda keçirilən görüşdən məmnun qaldığını bildirən A.Klod  şərqşünas alimlərlə əməkdaşlığın onun gələcək tədqiqatlarına müsbət təsir edəcəyini bildirib.

Görüşdə Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi və Tarix İnstitutunun aparıcı elmi içisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.