www.science.az
29.10.2019 09:43

Koreyalı ekspertlərin AMEA Yüksək Texnologiyalar Parkına infoturu təşkil edilib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin direktoru Park Kumokun rəhbərliyi ilə bu ölkənin ekspertlərindən ibarət nümayəndə heyətinin AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) infoturu təşkil edilib.

Əvvəlcə qonaqlara texnopark haqqında məlumat verilib. Bildirilib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YT Parkın əsas məqsədlərindəndir.

Sonra koreyalı ekspertlər beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzin məqsədi AMEA-nın elmi müəssisə və təşkilatlarının balansında olan, müasir tələblərə cavab verən elmi avadanlıq, cihaz və digər vasitələrdən tədqiqatlarda və yeni texnologiyaların işlənməsində daha səmərəli istifadə olunması üçün onların vahid mərkəzdə cəmləşdirilməsi, qüvvədə olan milli, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə uyğun qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə aparmaq və sifarişçilərə həqiqi sınaq nəticələrini təqdim etməkdir.

“AMEA Təcrübə-Sənaye Zavodu” MMC-yə baş çəkən qonaqlara bildirilib ki, YT Parkın ilk rezidenti olan bu müəssisə beynəlxalq standartlara cavab verən sürtkü yağlarının istehsalı ilə məşğul olur. Zavodun fəaliyyətinin əsas istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsidir. Zavodda müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.

Qonaqlar 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azərbaycan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib. Qeyd edilib ki, “Millers Oils Azərbaycan” MMC dünya standartlarına cavab verən yüksək keyfiyyətli sürtkü yağları istehsal edir.

Ekspertlər hər iki müəssisədə sürtkü yağları istehsalı prosesində bilavasitə iştirak ediblər.

İnfoturdan sonra AMEA Yüksək Texnologiyalar Parkının direktoru, Yer elmləri üzrə fəlsəfə doktoru Samir Məmmədov nümayəndə heyəti ilə görüşüb. Tərəflər YT Park ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun birgə elmi və texnoloji əməkdaşlıq üzrə müştərək layihələri çərçivəsində görülən işləri, perspektivləri müzakirə edib, fikir mübadiləsi aparıblar.

YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti qonaqların böyük marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.