Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.10.2019 14:35
  • A-
  • A
  • A+

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçirilib

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda tanınmış türkoloq alim, professor Məhəbbət Mirzəliyevanın 70 illik yubileyinə həsr olunan “Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçirilib.

Konfrans çərçivəsində alimin əsərlərindən ibarət sərgi də təşkil olunub.

Tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq M.Mirzəliyevanın həyat və fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, 1971-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirən alim “Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar” mövzusunda namizədlik, “Türk dillərinin frazeologiyasının nəzəri əsasları” mövzusunda isə doktorluq işini müdafiə edib. Diqqətə çatdırıb ki, M.Mirzəliyeva 1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifələrində çalışıb.

Alimin Dilçilik İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini kimi işlədiyini xatırladan M.Nağısoylu M.Mirzəliyevanın yüksək biliyə, elmi-təşkilati bacarığa və zəngin həyat təcrübəsinə malik olduğunu söyləyib. Akademik tədqiqatçı alimin Azərbaycan dilçiliyi, xüsusilə də türkologiya sahəsində “Müasir Azərbaycan dilində felin növləri və həmhüdud kateqoriyalar”, “Oğuz qrupu türk dillərində əvəzlik”, “Oğuz qrupu türk dillərində modal sözlər”, “Türk dillərinin frazeologiyasının nəzəri problemləri” kimi mühüm əsərlər ərsəyə gətirdiyini deyib.

Sonra Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev çıxış edərək alimin dilçiliyin problemlərinə həsr olunan, o cümlədən türkologiya sahəsində önəmli tədqiqatlar apardığını bildirib, M.Mirzəliyeva ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə, həmçinin professor İsmayıl Kazımovun “Məhəbbət Mirzəliyevanın fəaliyyətinin çoxşaxəliliyi”, dosent Qətibə Mahmudovanın “Məhəbbət Mirzəliyevanın elmi irsi” və dosent Şəbnəm Həsənlinin “Məhəbbət Mirzəliyevanın ömür yolu” mövzusunda məruzələri dinlənilib.

Daha sonra alimin ailəsi adından bacısı Aybəniz Mirzəliyeva çıxış edərək konfransın təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, konfrans öz işini “Məhəbbət Mirzəliyeva şəxsiyyəti və dilçilik görüşləri”, “Müasir Azərbaycan dilinin tədqiqi məsələləri”, “Türk filologiyasının aktual problemləri”, “Ümumi və nəzəri dilçilik məsələləri”, “Dil tarixi və dialektologiya” və “Ortaq türkcə: əlifba, imla, termin” bölmələri ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: