www.science.az
18.06.2014 00:00

İyunun 18-də “Qafqaz Point Hotel”də AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, “Agilent Technologies” və SEM-AZ şirkətinin birgə təşkilatçılığı ilə “Spektroskopiya və qaz xromatoqrafiyasi sahəsində son nailiyyətlər” mövzusunda elmi seminar keçirildi.

Türkiyə, Almaniya və Azərbaycandan olan mütəxəssislərin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev tədbirin keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, məqsəd cihaz və avadanlıqlarla iş metodlarının istifadəçilər tərəfindən mənimsənilməsini təmin etmək, spektroskopiya və qaz xromatoqrafiyası sahəsində son nailiyyətləri seminar iştirakçılarına çatdırmaqdır.

SEM-AZ-ın “Agilent Technologies” şirkətinin Azərbaycandakı təmsilçisi olduğunu söyləyən D.Tağıyev şirkətin müxtəlif profilli labaratoriyaların hazırlanmasında iştirak etdiyini bildirdi. Qeyd etdi ki, şirkət toksikoloji, qida, neft məhsulları, baytarlıq və s. sahələr üzrə maddələrin analizində iştirak etməklə bir sıra fiziki-kimyəvi analizlər aparır.

Seminarda “Agilent Technologies” şirkətinin spektr qrupunun rəhbəri Uve Noetzeyinin “Spektroskopiya cihazlarının fərqli analiz istiqamətlərində tətbiqi”, Xromatoqrafiya qrupunun bölgə rəhbəri Nihat Öztürkün “Qaz xromotoqrafiyası” mövzusunda məruzələri dinlənildi.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.