Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeydə Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub
22.10.2019 17:18
  • A-
  • A
  • A+

Muzeydə Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub

Oktyabrın 22-də Hüseyn Cavid nəslinin layiqli davamçısı, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri olan Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi tamam olur.

Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Ərtoğrol Cavidin həyat yolundan, onun zəngin yaradıcılıq fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, bu il 100 yaşı tamam olan Ə.Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. O, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olduqdan sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində davam etdirib, eyni zamanda konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib.

Direktor qeyd edib ki, Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidin şəxsi arxivi qorunub saxlanılır. Həmin arxivdə bu il ədibin 100 illik yubileyi münasibətilə muzeyin əməkdaşları araşdırma və tədqiqatlarını davam etdiriblər. Nəticədə “Ərtoğrol Cavidin musiqi əsərləri”, “Ərtoğrol Cavidin məqalələr toplusu” adlı yeni nəşrlər ərsəyə gəlib.

G.Babaxanlı yubileydən öncəki illərdə də muzey tərəfindən “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 13 cilddə çoxcildliyin, "Balaman məktəbi" dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı nəşrlərin çap olunduğunu bildirib. 

Tədbir çərçivəsində, həmçinin Ərtoğrol Cavidin zəngin irsini əks etdirən müxtəlif kitablar, sənəd və fotolardan ibarət sərgi də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: