www.science.az
06.11.2013 00:00

Akif Əlizadə: “Hər bir azərbaycanlı alim azərbaycançılıq ideologiyasının fəal təbliğatçısı olmalıdır”

Bu gün AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimovla görüş keçirildi. Tədbirin məqsədi dünya azərbaycanlı alimlərinin iştirakı ilə Bakıda keçiriləcək Azərbaycan alimlərinin I Qurultayına hazırlıq işlərinin müzakirə olunması idi. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə ölkəmizdə modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasətin yeni intellektual səviyyəyə qalxdığını vurğuladı: “Dövlət alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir. Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi zirvələrə yüksəltmək üçün bütün dünyada fəaliyyət göstərən azərbaycanlı alimlərimizlə birgə qüvvəmizi səfərbər etməkdir. Azərbaycan elminin dünyaya inteqrasiya olunmasında ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı alimlərlə iş birliyi zəruridir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı alim azərbaycançılıq ideologiyasının fəal təbliğatçısı olmalıdır”. AMEA rəhbəri bu yaxınlarda III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən dünyaşöhrətli Nobel mükafatı laureatlarının Azərbaycan elmi, mədəniyyəti haqqında dəyərli fikirlər səsləndirdiklərini, qlobal məsələlərin həllində alimlərimizlə əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olduqlarını bildirdi. A.Əlizadə dünyaya töhfələr bəxş etmiş Azərbaycanlı alimlərlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin milli məfkurə ətrafında birləşərək fəaliyyət göstərmək üçün mükəmməl vasitə olduğunu vurğuladı. 2014-cü ildə Bakıda keçiriləcək Azərbaycan alimlərinin I Qurultayında xaricdə yaşayan azərbaycanlı alimlərlə ölkəmizin elmi potensialının bir araya gəlməsinin əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlı alimlərinin dialoquna imkan yaradan tədbir həm də yeni birgə layihələrin təməlini qoymağa meydan açacaq. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov diaspor təşkilatlarında təmsil olunan azərbaycanlı alimlərin elmimizin dünyaya inteqrasiya olunmasında, o cümlədən Azərbaycançılıq ideologiyasının gücləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırdı. Bildirdi ki, xaricdə yaşayan azərbaycanlı alimlər məmləkətimizin dinamik inkişafını qürurla izləyir və bu proseslərə elmi dəstək verməyə hazırdırlar. Dünyanın nüfuzlu universitetlərində çalışaraq yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rolu olan azərbaycanlı alimlərlə təcrübə mübadiləsinin aparılması yüksək ixtisaslı kardrların yetişdirilməsində önəmlidir. Azərbaycan xalqının tarixən böyük elm xadimləri olduğunu qeyd edən N.İbrahimov bu gün də beynəlxalq səviyyədə nüfuz qazanmış alimimizin dünyanın hansı ölkəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, azərbaycanlı kimi təqdim olunmasının hər birimizdə qürur hissi oyatdığını ifadə etdi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.