Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Alim, müəllim, vətəndaş
16.10.2019 13:07
  • A-
  • A
  • A+

Alim, müəllim, vətəndaş

Oktyabrın 16-da Azərbaycan ədəbiyyatının, onun nəzəri problemlərinin görkəmli tədqiqatçısı, akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. Akademikin elmi irsinin Azərbaycan ədəbiyyatı üçün əhəmiyyəti onun şəxsiyyəti, dərin təfəkkürü, vətənimizin mənəvi dircələşinə yönəldılmış fəaliyyəti ilə sıx bağlıdır.

İsa müəllim daim yeni ideyalar müəllifi, elm təşkilatçısı, ölkəsinin yüksəlişi naminə əlindən gələni edən, bir sıra mükafatlara və təltiflərə layiq görülən bir şəxsiyyət kimi ictimaiyyətimiz tərəfindən qəbul olunan bir alimdir.

Bu fikirlər AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın akademik İsa Həbibbəylinin 70 illik yubileyinə həsr etdiyi “Alim, müəllim, vətəndaş” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İsa Həbibbəyli 1949-cu ildə Naxçıvanda anadan olub, burada orta məktəbi bitirib, ali təhsil alıb və hələ gənc yaşlarından elmə olan həvəsi ilə həmyaşıdlarından seçilib. İstedadlı tələbə özünün əsas maraq dairəsi kimi ədəbiyyatımızda romantik poeziyanın problemlərini, dahi Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığını araşdırıb. Namizədlik və doktorluq dissertasiyalarını həmin mövzulara həsr edib. Hələ ilk tədqiqat işində İsa Həbibbəyli elmi qabiliyyəti, yeni fikirləri ilə elmi ictimaiyyətin diqqətini çəkə bilib, ədəbi proseslərə yeni yanaşmalar nümayış etdirib, onların izahında yeni yollar axtarıb. Alim həmişə Azərbaycan ədəbiyyatının prioritet problemlərinin öyrənməsini əsas götürərək, onun təşəkkülünü, janrlarını, türk və Şərq xalqları ədəbiyyatlarında yerini, dünya xalqları ilə ədəbi əlaqələri maraq dairəsində saxlayır. İsa Həbibbəylinin yaradıcılığı bütövlüyü, tədqiqat mövzularının bir-birini tamamlaması ilə səciyyələnir. Alimin əsərlərində ədəbiyyatda baş verən dəyişikliklər tarixi proseslərlə düzgün əlaqələndirilir. Onu da qeyd etmək lazımdır ki, İsa müəllimin bütün elmi tədqiqatları nadir arxiv sənədlərinə istinadla yazılıb, hər biri gərgin əməyin məhsuludur.

Akademik İsa Həbibbəyli son illərdə onun tərəfindən reallaşdırılan bir sıra mövzuları və problemləri illərboyu hədəfdə saxlayıb. Onun qələmindən dəyərli, vacib monoqrafik tədqiqatlar, saysız-hesabsız məqalələr, dərsliklər və kitablar çıxıb. Alimin elmi yaradıcılığının prinsipal xüsusiyyəti – onun əsərlərinin geniş mənada müasirliyi, akademikin onları elmi ictimaiyyət üçün yaxın, faydalı və aydın etmək qabiliyyətidir. Onun əsərləri sırasında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşməsi pinsiplərinə həsr olunan monoqrafiya xüsusi yer tutur. Burada müəllif ədəbiyyatımızın əsrlərboyu keçdiyi inkişaf yolunun əsas xətlərini, istiqamətlərini göstərib. Onu Azərbaycan ədəbiyyatşünaslığında novator da adlandırmaq olar. İsa Həbibbəyli bir çox Azərbaycan ədiblərinin həyatının indiyədək bəlli olmayan səhifələrini açıb, milli mətbuat və ədəbiyyat topluları çap etdirib, folklor və ədəbiyyat nümunələrini mədəni və elmi mühitə daxil edib.

İsa müəllimin həyatı və yaradıcılığı Azərbaycan elminin parlaq səhifəsidir. Alimin dünya filoloqları tərəfindən tanınan kitabları xarici dillərə tərcümə olunub, dünyanın bir çox kitabxanalarında saxlanılır. Bir sıra akademiyaların üzvü seçilən İsa Həbibbəyli onlarla elmlər namizədi və elmlər doktoru yetişdirib. Akademik Azərbaycan filologiya elmində mövcud ənənələri davam etdirərək, öz elmi məktəbini yaradıb, yeni elmi istiqamətlər göstərməyə nail olub.

Alimin həyat yolunun böyük bir hissəsi şərəfli müəllimlik peşəsi ilə bağlıdır. Uzun illər Naxçıvan Dövlət Universitetində çalışıb. O, universitetin rektoru vəzifəsində çalışarkən ali məktəbin statusunu beynəlxalq səviyyədə yüksəldib. Eyni zamanda mühazirələr oxuyub, tədris kursları hazırlayıb ki, bunlar hamısı yüksək erudisiya və ensiklopedik bilik hesabına mümkün olub. Rektor burada çalışan müəllimlərin və oxuyan tələbələrin yaxın dostu və dayağı olub. Ümumiyyətlə, demək lazımdır ki, iki professional funksiyaya - elm və pedaqogikaya o, eyni səviyyədə öz istedadını, qüvvəsini və qəlbini verib, onların hər biri İsa müəllim üçün əsas olub. Artıq özünün dəstxəti ilə seçilən, irimiqyaslı alimə çevrilən İsa Həbibbəyli 2013-cü ildən AMEA-nın vitse-prezidenti və Nizamı adına Ədəbiyyat İnstitutunun direktoru vəzifələrində çalışır. Görkəmli alim Azərbaycan Milli Elmlər Akademiyasında onun rəhbərliyi ilə həyata keçirilən islahatların önündə gedir, həm onun başçılıq etdiyi ictimai-humanitar sahədə canlanma gözə çarpır, həm də institut öz sahəsinin qabaqcıl, elmi mövzuları koordinasiya edən tədqiqat mərkəzinə çevrilir. İsa Həbibbəylinin nəinki Azərbaycanda, həm də müxtəlif ölkələrdə həmkarları var. Onlarla aparılan dialoqlarda yeni ideyalar, yeni elmi yaradıcı planlar, elmi layihələr meydana gəlir və yeni biliklər aşkarlanır, elmimizin coğrafiyası da genişlənir.

İsa müəllim nəinki elmi, elmdəki insanları da çox sevir, həmkarlarının hörmətini və ehtiramını daim duyur, çünki onunla ünsiyyətdə olan hər bir kəs şəxsiyyətinin cazibəsini qəbul etməkdədir. Onun saf, layiqli, xoş niyyətli bir insan olduğunu alimlə ünsiyyətdə olanlar həmişə vurğulayırlar. İsa Həbibbəyli akademik kimi yüksək statusunu xeyirxah məqsədlərlə istifadə etməyə hazırdır, elmə, cəmiyyətə xidmət etməkdən yorulmaq bilmir.

İsa Həbibbəyli alim və ictimai xadim keyfiyyətlərini də özündə cəmləşdirərək, Azərbaycanın gələcəyini düşünən insandır. O, gərgin, mənalı həyat yaşayır, özü haqqında isə tez-tez “Mən əsgərəm” ifadəsini işlədir. Bu həqiqətən də belədir, çünki onun - Vətəninin əsgəri üçün azərbaycançılıq, dövlətçilik, vətəndaş məsuliyyəti ən ümdə məfhumlardır. Ulu öndər Heydər Əliyevin fəaliyyətini təhlil edən əsərlərində alim milli ideologiya, müstəqil dövlət quruculuğu ideyalarına sadiq olduğunu bir daha təsdiqləyir. 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclısinin deputatı olan İsa Həbibbəyli, həm də son illər parlamentin Elm və təhsil komissiyasının sədri kimi bir sıra qanunların hazırlanmasında və qəbul olunmasında bilavasitə iştirak edib. İsa müəllimin zamandan və vəziyyətdən asılı olmayan cəsarətli vətəndaş mövqeyi, təşkilatçılıq qabiliyyəti, liderlik keyfiyyəti, çətinlikləri dəf edərək irəli getmək qabiliyyəti ona bu məsuliyyətli işlərdə dayaq olub.

Həbibbəyli ailəsində böyüyən övladlar atalarının şərəfli yolu ilə qətiyyətlə irəliləyir, Azərbaycanın çiçəklənməsi və yüksəlməsi naminə əllərindən gələni edir, Vətənə sədaqətlərini əməlləri ilə təsdiqləyirlər. Gözəl bir yubiley günündə İsa müəllimə yeni yaradıcılıq axtarışları, tükənməyən enerji, Vətənə, elmə və insanlara yorulmaz xidmətində uğurlar arzu edirik.

  • Paylaş: