Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Humanitar və ictimai elmlərimizin bələdçisi
16.10.2019 11:04
  • A-
  • A
  • A+

Humanitar və ictimai elmlərimizin bələdçisi

Oktyabr ayının 16-da Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, Azərbaycan akademik elminin aparıcı qüvvələrindən biri, professor İsa Əkbər oğlu Həbibbəylinin 70 yaşı tamam olur.

Uzun illər ali təhsil sistemimizin aparıcı müəssisələrindən biri olan, Azərbaycanın Şərqə açılan qapısında alınmaz qala kimi dayanan Naxçıvan Dövlət Universitetinə başçılıq etmiş İsa Həbibbəyli artıq altı ildən çoxdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində humanitar və ictimai elmlərimizin kuratoru kimi bu sahənin və bir elm təşkilatçısı kimi ümumilikdə Azərbaycan elminin inkişafına qiymətli töhfələr verməkdədir.

Məlum olduğu kimi, İsa müəllim hər şeydən əvvəl, əlbəttə, müasir dövrün görkəmli ədəbiyyatşünas alimi kimi çoxsaylı fundamental əsərləri ilə bu elm sahəsini zənginləşdirməkdədir.

Qarşımda iri formatlı, nəfis tərtibatlı, qalın bir kitab var: “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik İsa Həbibbəyli. Biblioqrafiya. Bakı: 2018. – 616 s.” Doğrusu, müxtəlif elm sahələrinin görkəmli nümayəndələrinin biblioqrafiyalarını az görməmişəm, ancaq bu sanbalda, bu həcmdə, bu möhtəşəmlikdə biblioqrafiyanı ilk dəfə görürəm və güman edirəm ki, bu janrda və bu həcmdə bir kitab az-az ələ düşər...

Desəm ki, kitabdakı əsas etibarilə İsa Həbibbəylinin elmi və mətbu əsərlərini təşkil edən rəqəmlər “3325” sayı ilə ifadə olunmuşdur, yəqin ki, bu böyük alimin və ictimai xadimin, elm və təhsil təşkilatçısının yaradıcılığı və fəaliyyəti ilə əlaqədar təsəvvürlərə aydınlıq gətirə bilər.

Akademik fundamental elmin böyük bir sahəsini də humanitar və ictimai elmlər təşkil edir. Adından da göründüyü kimi, bu elmlər birbaşa insanla və insan cəmiyyəti ilə bağlıdır. Özü də, bu sahə ilə köklü-köməcli məşğul olaraq fundamental əsərlər ərsəyə gətirmək sanki Tanrı tərəfindən akademik İsa Həbibbəylinin alnına yazılıb. İsa müəllimi yaxından tanıyanlar ilk növbədə onun bir insan kimi böyük şəxsiyyətinə, humanizminə, vətənpərvərliyinə, səmimiliyinə, sadəliyinə heyran qalmaya bilmirlər. Bu da təsadüfi sayılmasın gərək. Axı İsa bəy qədim bir bəy nəslinin ən görkəmli nümayəndələrindən biridir. Qədim Naxçıvan diyarının köksündən ucalan nəhəng bir ağac kimi təsvir edilmiş “Nəsil şəcərəsi”nə yazılmış məqalədə oxuyuruq:

“Bu nəslin (Həbibbəylilər nəslinin – T.K.) ulu əcdadları Şərur bölgəsindəki Danzik kəndindən 3 kilometr aralıda Arpaçayın sol axarı boyunca Dərələyəzə tərəf (sağ tərəfdə) Böyük Qala – Kiçik Qala dağlarının yuxarı ətəyindəki Yastan yaşayış məskənində yaşamışlar. Yastandakı qədim qəbiristanlıqda bizim eranın II-III əsrlərinə aid məzarlar mövcuddur. Nəslin nümayəndələri təxminən III-IV əsrlərdə Yastandan Arpaçayın ətrafına köçüb sol sahildə məskunlaşmışlar.”

Əlbəttə, minillik bir zadəgan nəslinin akademik İsa Həbibbəyli kimi böyük bir şəxsiyyət yetirməsi heç də təəccüblü deyil.

Sirr deyil ki, intellektual əməklə məşğul olan insanlar əksərən uzun və sağlam ömür sürürlər. Akademik İsa Həbibbəyli də bu baxımdan nümunə olmağa layiq bir şəxsiyyətdir. Bu yaşında gənclik enerjisini və cəldliyini, heyrətamiz zəhmətsevərliyini qoruyub saxlayan İsa müəllim AMEA Rəyasət Heyətinin ən fəal üzvlərindən biri kimi həmkarları ilə hər görüşündə həmişə məmnun bir təbəssüm oyatmağa nail olur. Onun enerji ilə aşıb-daşan müsbət aurası qarşı tərəfdə də pozitiv ovqat doğurur.

Ulu Öndər Heydər Əliyevin idarəçilik, vətənsevərlik və insanlıq məktəbinin layiqli yetirmələrindən biri olan akademik İsa Həbibbəyli bu məktəbin nümayəndələri arasında özünəməxsus uca yerlərdən birini tutur. Təsadüfi deyildir ki, alimin son dövrlərdə ərsəyə gətirdiyi fundamental monoqrafiyaların, sanballı analitik məqalələrin arasında Ümummilli Liderin parlaq obrazının işıqlandırılmasına həsr edilmiş araşdırmalar xüsusi yer tutur. Həmin əsərlərdən yalnız bir neçəsinin adını çəkmək yerinə düşərdi:

“Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti. Naxçıvan, 1998”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Naxçıvan, 2002”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, 2013”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. (2 cilddə). Bakı, 2018” – bunlar akademik İsa Həbibbəylinin Ulu Öndərə həsr etdiyi kitablardır. Bir neçə sanballı məqalənin də adını çəkək: “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” (2003), “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan” (2006), “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” (2007), “Heydər Əliyev siyasi kursu və müasir dövr” (2008), “Heydər Əliyev və Azərbaycançılıq təlimi: ədəbi düşüncədən dövlət ideologiyası səviyyəsinə” (2010), “Heydər Əliyev və müasirlik” (2010), “Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarlıq missiyası” (2013),  “Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyətində türk dünyası məsələləri” (2015), “Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq və millətlərarası münasibətlər” (2016), “Müstəqil dövlətçilik təlimində Azərbaycançılıq modeli” (2016), “Azərbaycan elmi Heydər Əliyevdən İlham Əliyevə” (2017), “Heydər Əliyev yolu və Prezident İlham Əliyevin miqyası” (2018), “Azərbaycan HeydərƏliyevşünaslığı” (2019), “Azərbaycançılıq ideologiyası: ideyadan ideala” (2019) və s.

Heydər Əliyev dühasının ən müxtəlif yönlərdən təhlilini verən bütün bu əsərlər akademik İsa Həbibbəylinin öz təbiri ilə desək, onu Azərbaycan HeydərƏliyevşünaslığının tanınmış nümayəndələrindən biri kimi xarakterizə etməyə əsas verir.

Geniş diapazonlu alim kimi akademik İsa Həbibbəyli vətənimizin sərhədlərinə sığışmayan, öz elmi və ictimai fəaliyyəti ilə yaxın və uzaq ölkələrdə, nüfuzlu elmi forumlarda söz sahibi olan bir tədqiqatçıdır. Onun uzun illərin səmərəli elmi axtarışlarının bəhrəsi kimi ərsəyə gətirdiyi “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı elmi-nəzəri əsəri təkcə ədəbiyyatşünaslıqda deyil, eləcə də başqa elm sahələrində tətbiq oluna biləcək qlobal səviyyəli bir konsepsiya, dövrləşdirmədə nouhau kimi qiymətləndirilə biləcək bir tapıntıdır, desək, heç də yanılmarıq.

İlk dəfə məhz bu əsərdə Azərbaycan ədəbiyyatının multidissiplinar yöndən riyazi dəqiqliklə xarakteristikasını verən alim yazır:

“Azərbaycan ədəbiyyatı – uzun bir dövr ərzində Azərbaycan xalqının bədii dühasının yaratdığı çoxəsrlik və zəngin ədəbiyyatdır. Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənəsi, mənəviyyatı, mübarizəsi və idealları bu ədəbiyyatın ana xəttini, əsas qayəsini təşkil edir. Bu – böyük ənənələri olan, Azərbaycan xalqının milli varlığını əks etdirən və onu dünyaya təqdim edən ədəbiyyatdır. Bu – Azərbaycan xalqının milli özünəməxsusluğunun ədəbi kimliyidir. Bu – ümummilli idealları əsrdən-əsrə yaşadan və inkişaf etdirən böyük ədəbiyyatdır. Bu – Azərbaycançılıq idealının ədəbi manifestidir!”

Əslində, Azərbaycan ədəbiyyatına verilən belə bir lakonik olduğu qədər də dərin mənalı tərif akademik İsa Həbibbəylinin uzun illərdən bəri bu sahədə apardığı səmərəli tədqiqatların bir növ fundamental yekunudur. Onun bu sahədəki elmi üslubunu müəyyənləşdirərkən mütləq nəzərə almaq lazımdır ki, İsa müəllim hər hansı bir obyekti təhlil edərkən ona səthi, başqa sözlə desək, birölçülü səthdən, müstəvidən deyil, üçölçülü həcmdən yanaşır, müxtəlif bucaqlardan işıqlandırır. Bu üçölçülü tədqiqat məkanının yönləri:

a)     Ədəbiyyat nəzəriyyəsi;

b)    Ədəbiyyat tarixi;

c)     Ədəbi prosesdir.

Böyük alman şairi və mütəfəkkiri İohan Volfqanq Getenin məşhur “Faust” əsərində Mefistofel doktor Fausta müraciətlə deyir: “Dostum, nəzəriyyə quru budaqdır, həyat ağacısa daim yaşıldır!”

Əlbəttə, daim yaşıl olan həyat ağacından ayrı düşmüş budaq quruyacaq, bar-bəhər verməyəcək; həyat ağacına, yəni bu halda konkret bədii-tarixi materiala söykənən, ondan qidalanan nəzəriyyə isə öz barını, elmi səmərəsini verəcəkdir. Bu tandemdə ədəbi prosesin yeri və rolu isə həyat ağacına su və gübrə verməsi ilə müəyyənləşir.

Beləcə, ədəbi əsərləri və hadisələri üç yöndən işıqlandıran akademik İsa Həbibbəyli bu mühüm ideoloji-estetik sahədə öz fundamental əsərlərini yaradaraq, xalqımızın, xüsusilə gənc nəslin azərbaycançılıq, dövlətçilik, vətənsevərlik ruhunda böyüməsi üçün öz qiymətli töhfələrini verir.

Müasir ədəbiyyatşünaslıq elminin canlı klassiki, humanitar və ictimai elmlərimizin aparıcı qüvvəsi olan akademik İsa Həbibbəylinin elmi görüşlərinin təhlilinə onlarla kitab, monoqrafiya, məqalə həsr edilib. Şübhəsiz ki, bütün bunları sistemə salaraq ümumiləşdirəcək yekun bir tədqiqata çox ehtiyac var. Ancaq görünür, bu çətin işin öhdəsindən elmimiz akademikin növbəti yubileylərində gələ biləcəkdir.

Belə bir gileyimi də çatdırmaq istərdim ki, “canlı klassikə” münasibət baxımından yazıçı və şairlərimizlə müqayisədə onların yaradıcılığının dəyərini elə elmi yaradıcılıqla verən alimlərə qarşı ədəbi-elmi mühitdə bir ogey yanaşma müşahidə etmək mümkündür. Doğrudan da, öz qiymətli əsərləri ilə ədəbi-ictimai fikrimizi zənginləşdirən – Allah canlarına sağlıq, uzun ömür versin! – Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Xalq yazıçıları Anar, Elçin, Çingiz Abdullayev, Kamal Abdulla haqqında yazılan dissertasiyalar onlara ana südü kimi halaldır! Bəs nədən analoji tədqiqatlar akademik İsa Həbibbəylinin, akademik Vasim Məmmədəliyevin, akademik Nizami Cəfərovun, akademik Zemfira Səfərovanın... elmi yaradıcılığına həsr edilmir?..

Əlbəttə, bu, sadəcə bir məhrəm umu-küsü, düşünmək üçün qidadır. İndilik isə yalnız onu qeyd etmək istərdim ki, akademik İsa Həbibbəyli elminin bir xüsusiyyəti də onun Mirzə Cəlil ağırlıqlı bir elm sahəsi olmasıdır. Necə ki, akademik İsa Həbibbəyli ədəbiyyatşünaslıq elmimizin avanqardıdır, eləcə də Mirzə Cəlil Məmmədquluzadə akademik İsa Həbibbəyli elmi yaradıcılığının avanqardı, heç vaxt tükənməyən zəngin ilham mənbəyidir. Təsadüfi deyil ki, ədəbiyyatşünaslıq elminə nəzəriyyəçi kimi gəlmiş İsa Həbibbəyli məhz Mirzə Cəlil sevgisi sayəsində bu dəryanın bütün dərinliklərinə baş vura bilmişdir. Elə Mirzə Cəlil sevgisi də onu “Molla Nəsrəddin” ədəbi məktəbi haqqında fundamental tədqiqatlar aparmağa və Mirzə Cəlilin 25 il ərzində başçılıq etdiyi bu ədəbi-ictimai hadisə ilə Sovet dövründə süni surətdə ona qarşı qoyulan “Füyuzat” ədəbi məktəbi arasında sistemli paralellər apararaq onların eyni vətənpərvər və millətsevər əqidəyə mailk olduqlarını, Azərbaycana, xalqımıza eyni yanğı və məhəbbətlə xidmət göstərdiklərini təkzibedilməz məntiqi dəlillərlə sübuta yetirməyə gətirib çıxarmışdır.

Bir az yuxarıda “dərya” sözünü sözgəlişi obraz kimi işlətmədim. Əfsanəvi Arpaçayın sahilində dünyaya göz açmış və özü dediyi kimi, “ayaq tutmazdan əvvəl üzməyi öyrənmiş” İsa Həbibbəylini su saflığına, təmizliyinə, duruluğuna qarşısıalınmaz bir cazibə ömrü boyu müşayiət etməkdədir. Arpaçayın qoynundan dünya sularına atılan İsa Həbibbəylini növbə ilə mavi Xəzərimizin, Moskva çayının, Qara dənizin, Ağ dənizin, İssık-kulun, Sakit okeanın, dünya türkləri üçün müqəddəs olan əfsanəvi Orxon çayının... suları qoynuna alıb. Ancaq heç şübhə yoxdur ki, bu çaylardan, dənizlərdən, okeanlardan, irmaqlardan ən başlıcası Elm Dəryasıdır ki, onun dalğıclığında akademik İsa Həbibbəylinin tayı-bərabəri az-az tapılar!

Belə bir həqiqəti bir daha təkrar etmək artıq olmazdı ki, humanitar və ya təbiət elmi olmasından asılı olmayaraq, hər bir sahədə təsnifat aparmaq ən çətin problemlərdən biri olub, tədqiqatçıdan öz sahəsinin mükəmməl bilicisi olmaqla yanaşı, həm də fəlsəfi təfəkkür tərzi tələb edir. Bu keyfiyyətlərə dərindən-dərinə malik olan akademik İsa Həbibbəyli bu mürəkkəb problemin həllinə məhz müstəqillik dövründə kəskin ehtiyac yarandığını belə əsaslandırır:

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elmində çoxəsrlik ədəbiyyat tariximiz və müasir ədəbi proses dövrləşdirilərkən, ilk növbədə təsnifat üçün elmi prinsiplərin, nəzəri konsepsiyanın müəyyən edilməsi ən mühüm şərtdir. Bu məqsədlə müxtəlif coğrafiyalarda yaranan ədəbiyyatşünaslıq əsərlərində oxşar və fərqli baxışların meydana çıxması dövrləşdirmə prosesində mövcud hazır sxemlərdən yox, dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmaqla ilk növbədə xalqın və ölkə ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yolunun reallıqlarına əsaslanmağı tələb edir.”

Bunun ardınca akademik İsa Həbibbəylinin müəyyən etdiyi dörd başlıca prinsip – Azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, ədəbi-tarixi prosesin reallıqları və Azərbaycanda ədəbi cərəyanlar, zənnimizcə, təkcə ədbiyyatşünaslıq üçün deyil, eyni zamanda başqa elm sahələri, ilk növbədə tarix, dilçilik, incəsənət, memarlıq, musiqişünaslıq və s. üçün də təsnifat aparmağın “qızıl açarı” rolunu oynaya bilər.   

Son illərdə AMEA-da aparılan köklü islahatlarda akademik İsa Həbibbəylinin çox böyük təşəbbüskarlığını və gərgin əməyini, elm təşkilatçılığı sahəsində uzun illərdən bəri qazandığı zəngin təcrübəsini və səriştəsini qiymətləndirməmək qeyri-mümkündür. AMEA-nın yeni Nizamnaməsi onun uzun axtarışlarının və elmi sistemləşdirməsinin məhsuludur.

Dahi bir rəssamın fırçasında rəng, dahi bir heykəltəraşın tişəsində qart mərmər, dahi bir musiqiçinin pianosunda melodik səslər nədirsə, akademik İsa Həbibbəylinin qələmində də söz odur! Həm də təkcə elmi söz deyil, eyni zamanda intellektual bədii söz də İsa müəllimin qələmində özünü “çayda balıq kimi” hiss edir.

1945-ci ildə təsis edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının 2014-cü ilə qədər, yəni az qala 70 il ərzində özünün marşı yox idi. Hətta marşın sözlərinin yazılması üçün tanınmış şairlər arasında müsabiqə elan etmək fikri də var idi. Ancaq doğma Akademiyaya dərin məhəbbəti nəticəsində o, “Akademiya marşı”nın sözlərini yazmışdı.

Nəbzində zaman vurur,

Xalqına milli qürur!

Ölkədən qüvvət alıb,

Yeni bir dövran qurur –

Akademiya!

İndi AMEA-nın təntənəli tədbirlərində səslənən bu marşın musiqisini də görkəmli bəstəkar Vaqif Gərayzadə yazdı. Elə həmin il “Bakı Elm Festivalı-2014” tədbirinin təntənəli açılışında marş ilk dəfə müğənni Fərid Əliyev və Azərbaycan Milli Konservatoriyasının xor kollektivi tərəfindən ifa olunmuş və gözlənildiyi kimi, gurultulu alqışlarla qarşılanmışdı.

AMEA-nın 70 illik yubileyinə hazırlıq ərəfəsində akademik İsa Həbibbəylinin gözünə, sözün həqiqi mənasında yuxu getmirdi. Yubileyə həsr olunmuş filmə gözəl bir ssenari yazan İsa müəllim, demək olar ki, gecə-gündüz kinostudiyadan çıxmayaraq, rejissor Ayaz Salayevlə birgə işləyir, Moskvaya, Kiyevə səfərlər edib, dünya şöhrətli alimlərdən – Nobel mükafatı laureatı Jores Alfyorovdan, Ukrayna Elmlər Akademiyasının prezidenti akademik Boris Patondan və b. qiymətli müsahibələr götürür, yalan olmasın, arxivlərdən üzə çıxardığı kilometrlərlə kinolentlərdən lazım olan qiymətli kadrları seçirdi...

Beləliklə, AMEA-nın 70 illik yubileyinə hazırlıq zamanı akademik İsa Həbibbəylinin çoxyönlü istedadının daha bir tərəfi – ssenarist, rejissor, hətta montajçı talantı da üzə çıxdı.

AMEA-nın vitse-prezidenti kimi akademik İsa Həbibbəylinin Akademiyada elmi həyatın multidissiplinar yöndə canlanması üçün verdiyi qiymətli töhfələrdən biri də “Fizika və lirika” konfranslarının təşkili və yüksək səviyyədə keçirilməsidir. Bu konfranslar bir daha sübut etdi ki, İsa müəllim humanitar elmlərin təbiət və texniki elmlər ilə inteqrasiyasına nə qədər böyük önəm verir və bu sahədə söz və nüfuz sahibi kimi elmi ictimaiyyət tərəfindən razılıq və minnətdarlıq hissi ilə qarşılanaraq alqışlanır.

Birinci dəfə 2014-cü ildə “Bakı Elm Festivalı” çərçivəsində yüksək uğurla baş tutan “Fizika və lirika” konfransının müntəzəm olaraq periodik keçirilməsi qərara alındı. Bu konfransların əhəmiyyətini vurğulayan İsa Həbibbəyli 2015-ci ildə qələmə aldığı “Azərbaycan Milli Elmlər Akademiyası: tarix və müasirlik” adlı fundamental məqaləsində yazırdı:

“Akademik mühitdə elm sahələri arası inteqrasiyanın genişləndirilməsi nəticəsində ictimai və humanitar elmi düşüncədə meyarların konkretləşməsi, təbiət və texniki elmlərdə isə fantaziyanın zənginləşməsi əsasında fərqli və müasir baxışlar sistemi formalaşır. Bakı Elm Festivalı çərçivəsində keçirilmiş “Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallığı” elmi konfransında (9-10 noyabr 2014-cü il) həmin istiqamətdə təqdim edilən yeni tipli tədqiqatlar ictimaiyyətin böyük marağına səbəb olmuşdur.”

Burada çox təfərrüata varmadan ancaq son – beşinci “Fizika və lirika” konfransı haqqında bir neçə kəlmə deməklə bu mövzuda fikrimi yekunlaşdırmaq istərdim. Beynəlxalq səviyyədə baş tutan bu konfrans Azərbaycan Milli Elmlər Akademiyasının, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Rusiyanın Dubna şəhərində fəaliyyət göstərən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusuna həsr edilmişdi.

Bakıda öz işinə başlayan konfrans daha sonra Şamaxı Astrofizika Rəsədxanasında davam etdirildi. Əlamətdardır ki, konfransın işində Avropadan, Rusiyadan və başqa MDB ölkələrindən müxtəlif elm sahələrini təmsil edən 50-yə qədər alim iştirak edirdi.

Beynəlxalq Fizika və lirika konfransı 2018-ci il noyabrın 22-23-də Rusiya Federasiyasının Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstututunda davam etdirildi. Onu da qeyd etmək lazımdır ki, 1956-cı ildən fəaliyyətə başlayan həmin institutla Azərbaycan alimləri uzun illərdən bəri əməkdaşlıq edirlər. İnstitutun profilinə uyğun olaraq, əsasən fiziklərin iştirak etdiyi bu əməkdaşlığa “liriklərin” də qoşulması elmimizin multidissiplinar əlaqələrinin inkişafında mühüm rol oynayacaq bir faktordur.

AMEA-nın 70 illik yubileyinə hazırlıq layihələrindən biri də “Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiləri” adlı ayrı-ayrı monoqrafiyaların yazılması və nəşri idi. Akademik İsa Həbibbəylinin gərgin axtarışlar hesabına ərsəyə gətirdiyi “Akademik Səməd Vurğun” monoqrafiyası bir müddət AMEA-nın vitse-prezidenti kimi səmərəli işlər görmüş bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin Akademiya dövrünə işıq salmaqla, onu daha çox böyük şair kimi tanıyan xalqımıza fərqli bir yöndən tanıtmış oldu.

Azərbaycan ədəbiyyatşünaslıq elminin qədim və zəngin tarixində bir sıra görkəmli alimlər yetişmişdir. Akademik İsa Həbibbəyli öz müəllimləri olan böyük ədəbiyyatşünas alimlərdən akademik Məmməd Cəfər Cəfərovun, AMEA-nın müxbir üzvləri Abbas Zamanovun, Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Azadə Rüstəmovanın, professorlar Mir Cəlal Paşayevin, Kamran Məmmədovun, Yavuz Axundlunun və b. xatirəsini əziz tutmaqla yanaşı, həm də onların elmi ənənələrini yeni yüksək səviyyədə davam və inkişaf etdirir. Heç şübhə yoxdur ki, bu gün akademik İsa Həbibbəylinin öz elmi məktəbi formalaşmış və bir qatar orta yaşlı, gənc alimlər ustadın ətrafında sıx birləşmişlər. Bu baxımdan inamla İsa müəllimi ədəbiyyatşünaslıq elminin canlı klassiki adlandırmaq olar.

Ədəbiyyatşünaslıq elminə bir nəzəriyyəçi kimi gələn İsa Həbibbəyli ilk fundamental elmi işini Azərbaycan romantik lirikasının poetikasının araşdırılmasına həsr etmiş, doktorluq işində isə Azərbaycan ədəbiyyatının nəhəngi Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının öyrənilməsini və qiymətləndirilməsini hədəf götürmüşdür.

İsa Həbibbəylinin elmi yaradıcılığını sərrast qiymətləndirən professor Yusif Seyidov yazır:

“Akademik İsa Həbibbəylinin tədqiqatında hansı ümumi prinsipial cəhətləri görə bilirik:

1.Elmi dərinlik, nəzəri səviyyə.

2.Dəqiqlik, hər məsələni yerli-yerində, olduğu kimi təqdim etmək.

3.Dözümlülük, hövsələ, iradə, zəhmətsevərlik, axtarış və tədqiqat üçün kifayət qədər zəngin faktik material toplamaq.

4.Məntiq; təsvir və tədqiqat ardıcıllığı; elmi və tarixi xronologiyanın gözlənilməsi.

5.Aydın, səlis ifadə tərzi.

İsa Həbibbəyli yaradıcılığının ən məhsuldar dövrlərindən birini yaşayır. O, geniş ictimai işi ilə bərabər, yenə də yazıb-yaradır, hər bir ədəbi hadisə ilə əlaqədar öz sözünü deyir. Xalq şairi Səməd Vurğun demişkən: “ağ kağıza kotan kimi şırım çəkir”.

Akademik İsa Həbibbəyli, bayaq dedik ki, geniş diapazonlu alimdir. “Əsərləri”nin 10 cildliyinə ötəri bir nəzər salmaq, nəzəri siqlətli tədqiqatların başlıqlarına göz yetirmək kifayətdir ki, onun doğrudan da, özü dediyi kimi: “bütün yönləri ilə” və bütün yönlərdə yaradıcı bir şəxsiyyət olduğunu görəsən. Klassik və müasir Azərbaycan ədəbiyyatının, ədəbi tənqid və publisistikasının elə bir problemi yoxdur ki, akademik İsa Həbibbəyli orada qələm çalmasın, aktual problemin səmərəli elmi həllini verməsin.

Azərbaycan xalqının “ana kitabı” (Heydər Əliyev) “Kitabi-Dədə Qorqud”dan tutmuş böyük klassiklərimiz Nizami Gəncəviyə, Əfzələddin Xaqaniyə, Şəms Təbriziyə, İmadəddin Nəsimiyə, Əvhədəddin Əvhədiyə, Məhəmməd Füzuliyə, Saib Təbriziyə, Molla Pənah Vaqifə, Mirzə Fətəli Axundzadəyə qədər hər bir dahi haqqında sanballı elmi sözünü demiş akademik İsa Həbibbəyli sonrakı dövrlərin də ədəbiyyatını zərgər dəqiqliyi ilə elmi təhlil süzgəcindən keçirərək qiymətli araşdırmalar ortaya qoymuşdur. Özəlliklə, müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı sanki öz obyektiv qiymətini almaq, inkişaf istiqamətlərini düzgün müəyyənləşdirmək üçün İsa Həbibbəylinin tədqiqatçı qələminin “aclığını” keçirir. Və İsa müəllim də gecənin-gündüzün nə olduğunu bilmədən öz qələmi, daha doğrusu, saysız-hesabsız qələmləri ilə elmi-ədəbi fikrimizi “doyunca” qidalandırır.

Xüsusən, nəhəng ədəbi-ictimai şəxsiyyətlərlə zəngin olan, bir növ renessans dövrünü yaşayan XX yüzilliyin əvvəllərinin ədəbi-bədii fikrini tədqiq edənlər arasında bir alim kimi akademik İsa Həbibbəylinin tayı-bərabəri çətin tapılar. Mirzə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Səməd Vurğun kimi böyük ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının tədqiq, təhlil və təbliğində akademik İsa Həbibbəylinin akademik yöndə apardığı gərgin və səmərəli elmi araşdırmalarsız müasir Azərbaycan ədəbiyyatşünaslığı və ədəbiyyat tarixçiliyi şübhəsiz ki, yoxsul görünərdi. Bu mənada direktoru olduğu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özünün rəhbərliyi və bilavasitə iştirakı ilə reallaşan 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 1070 səhifəlik möhtəşəm birinci cildi məmnunluq və qürur hissi doğurmaya bilməz.          

Gənc yaşlarından Azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə alaraq, bütün ömrünü bu taleyüklü problemlərə həsr etmiş akademik İsa Həbibbəyli bu gün də respublikanın aparıcı və fəal ictimai xadimlərindən biri kimi bu sahədə yorulmadan və sevə-sevə çalışmaqdadır.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri kimi qısa müddət ərzində bu sahədə bir neçə qanun layihəsini müasir dünya standartları səviyyəsində hazırlayaraq Milli Məclisin müzakirəsindən keçirib təsdiq etdirmiş millət vəkili İsa Həbibbəyli elmimizin və təhsilimizin möhkəm qanunvericilik özülünü qoymaqla, millətin və dövlətin gələcək inkişafı və çiçəklənməsi üçün müstəsna əhəmiyyət daşıyan bu mənəvi-ictimai sahənin dönmədən irəliləməsinə böyük töhfələr vermişdir.

Müasir Azərbaycan elminin flaqmanı, fundamental akademik elmimizin məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının ən yüksək qiymətini və statusunu müəyyən etmiş Ümummilli Lider Heydər Əliyevin idarəçilik və insanlıq məktəbinin aparıcı simalarından, bu gün AMEA-nın sütunlarından biri olan akademik İsa Həbibbəyli, artıq qeyd etdiyimiz kimi, 70 yaşını gənclik enerjisi və həvəsi ilə, Vətənimizə və xalqımıza bitib-tükənməyən sevgi ilə bitirib növbəti onilliklərə qədəm qoyur.

Bu şərəfli yolda ona xalqımız, müstəqil dövlətçiliyimiz naminə yeni-yeni uğurlar, Eskulap sağlamlığı, müstəqil dövlətçiliyimizin, vətənimizin, elmimizin, mədəniyyətimizin qlobal səviyyədə daha parlaq imicini formalaşdırmaq işində daha səmərəli fəaliyyət arzulayırıq!

Teymur KƏRİMLİ, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik 

  • Paylaş: