www.science.az
16.10.2019 09:12

Akademik İsa Həbibbəylini 70 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq, ictimai-siyasi xadim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 70 illik yubileyidir.

Akademik İsa Həbibbəyli 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, 1971-1975-ci illərdə Şərur rayonunun kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-2013-cü illərdə isə bu ali təhsil müəssisəsinin rektoru vəzifəsində çalışıb. 

İsa Həbibbəyli 1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik, 1996-cı ildə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1997-ci ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Akademik İsa Həbibbəyli yetmiş illik ömrünün əlli ildən artıq bir dövrünü Azərbaycan ədəbi düşüncəsinin, onun ayrı-ayrı görkəmli simalarının həyat və yaradıcılığının tədqiqinə, ictimai fikir tariximizin öyrənilməsinə, milli ideologiyanın elmi əsaslarının formalaşmasına, ümumən müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin inkişafına həsr edib. Onun zəngin elmi araşdırmaları müxtəlif elm sahələrinin nəzəri müddəalarını özündə birləşdirməklə xüsusi universallığı və professionallığı ilə, elmi-təşkilati fəaliyyəti innovativ idarəetmə texnologiyalarının tətbiqi ilə, ictimai fəaliyyəti isə aydın milli və dövlətçilik mövqeyi ilə diqqəti cəlb edir. 

Alimin tədqiqat obyekti olan yazıçılar arasında ilk yerdə Mirzə Cəlil Məmmədquluzadənin adı gəlir. O, “Cəlil Məmmədquluzadə. Cümhuriyyət”, “Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti” kimi kitablarda böyük yazıçının keşməkeşli həyatını və zəngin yaradıcılığını dərindən araşdırıb.

Görkəmli alim 2013-cü ilin aprel ayından humanitar və ictimai elmlər istiqaməti üzrə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Çoxcəhətli elmi fəaliyyəti ilə səciyyələnən akademik İsa Həbibbəyli ölkəmizdə humanitar və ictimai elmlərin müstəqillik dövrünün dövlətçilik maraqlarına və xalqımızın milli mənafelərinə, habelə dünya elmində gedən proseslərə uyğun şəkildə istiqamətləndirilməsi və daha da inkişaf etdirilməsi işinə məsuliyyətlə xidmət edir. Alim humanitar elmi fikirdə və ictimai düşüncədə azərbaycançılıq ideallarının ön mövqeyə çıxması, elmdə azərbaycançılığa dair elmi-nəzəri konsepsiyanın müəyyən olunması işinə mühüm töhfələr verməklə yanaşı, bu istiqamətdə fəaliyyət göstərən elmi arsenalı həmin ali məqsədə yönəltmək, azərbaycançılıq elmi ideyalarına və təşəbbüslərə dəstək vermək missiyasını da ardıcıl olaraq həyata keçirir. 

O, AMEA-nın inkişaf yoluna həsr olunmuş "Elm məbədi” filminin yaradıcısı və "Akademiya marşı”nın sözlərinin müəllifidir.

Akademik İ.Həbibbəyli, eyni zamanda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. Alimin təşəbbüsü ilə son illərdə Ədəbiyyat İnstitutunda yeni struktur bölmələr yaradılıb, ölkə və dünya ədəbiyyatının daha əhatəli şəkildə və dərindən öyrənilməsinə xidmət göstərən yeni şöbələr formalaşdırılıb. Uzun illər tədqiqatdan kənarda qalmış Azərbaycan mühacirət ədəbiyyatının tədqiqinə, ədəbi proseslərin təhlil olunaraq dəyərləndirilməsinə və proqnozlaşdırılmasına başlanılıb. Akademik İsa Həbibbəylinin rəhbərliyi sayəsində Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri yenidən qurulub, bu elmi-tədqiqat ocağının dünyanın mühüm elmi mərkəzləri və universitetləri ilə əməkdaşlığı genişləndirilib.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslıq elminin müasir dövrdəki əsas yaradıcılarından biridir. Onun Azərbaycan ədəbiyyatında realizm problemlərinə, milli romantizm ədəbi cərəyanına, XX əsrin sonlarından etibarən meydana çıxmış neorealizm, modernizm, postmodernizm, magik realizm, dekadentizm cərəyanlarına həsr edilmiş tədqiqatları ədəbiyyatşünaslıq elminin inkişafına, yeni nəzəri müddəalarla zənginləşdirilməsinə xidmət edir.  Alim, eyni zamanda Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyasının müəllifidir. O, türk xalqları ədəbiyyatının da ortaq dövrləşdirmə konsepsiyasını işləyib hazırlayıb, inkişaf mərhələlərini müəyyənləşdirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş İsa Həbibbəyli muxtar respublikanın qanunvericilik orqanında İnsan haqları və beynəlxalq münasibətlər komissiyasının sədri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmiş İsa Həbibbəyli hazırda ali qanunverici orqanda Elm və Təhsil Komitəsinə rəhbərlik edir. Onun təşəbbüsü və səyləri ilə qəbul olunmuş "Elm haqqında” (2015), "Məktəbəqədər təhsil haqqında” (2016), "Peşə təhsili haqqında” (2017), "Ümumi təhsil haqqında” (2018) qanunları ölkəmizdə elmin və təhsilin inkişafına, bu sahədə islahatların keçirilməsinə öz töhfələrini verir.

Görkəmli alimin çoxillik elmi-pedaqoji fəaliyyəti və xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar elm xadimi fəxri adına layiq görülüb, "Şöhrət” və "Şərəf” ordenləri, həmçinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

İsa Həbibbəyli Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Cənubi Rusiya Universitetinin fəxri doktoru, Ankara Universitetinin fəxri dostudur. O, TÜRKSOY-un "Molla Pənah Vaqif”, Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza”, Təbriz Universitetinin "Məhəmmədhüseyn Şəhriyar” mükafatlarının daşıyıcısıdır.

Science.az kollektivi hörmətli İsa müəllimi, 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır. İnanırıq ki, hələ uzun illər bütün ədəbiyyatsevərlər, Azərbaycanın dilinə və tarixinə önəm verənlər və bütövlükdə elm ictimaiyyəti üçün enerji ilə yazıb-yaradacaq, tarixin neçə-neçə açılmamış səhifəsini işıqlandıracaqsınız. Doğum gününüz mübarək!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.