www.science.az
17.06.2014 00:00

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının əməkdaşları Türkmənistanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəis müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov və idarənin baş mütəxəssis Zibaxanım Cəfərzadə iyun ayının 11-15 tarixlərində Türkmənistan Respublikasının Aşqabad şəhərində Türkmənistanın “Elm günü”nə həsr olunmuş bayramda, “Qüdrət və bəxtiyarlıq dövründə elm, texnika və innovasiya texnologiyaları” adlı beynəlxalq elmi konfransda və Türkmənistan Texnologiyalar Mərkəzinin açılışında iştirak ediblər.

Respublika prezidenti Qurbanqulu Berdumuxammedovun dəstəyi və iştirakı ilə keçirilən konfrans çərçivəsində “Humanitar elmlər, Beynəlxalq əlaqələr və Hüquq” adlı 3-cü bölmənin rəhbəri R.Qasımov seçilib. Dünyanın 36 xarici ölkəsindən nümayəndələrin iştirak etdiyi bölmədə çıxış edən alimlər konfransın humanitar sahəsində ölkələrarasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsinə müsbət təsir edəcəyini bildiriblər. Məruzəçilər, eyni zamanda elm sahəsində əldə olunan nailiyyətlər, qarşıya qoyulan məqsəd və vəzifələrdən danışıblar.

Tədbirdə məruzə ilə çıxış edən R.Qasımov, həmçinin Türkmənistan Elmlər Akademiyasının prezidenti Qurbanmırat Mezilova və konfrans iştirakçılarına rəhbərlik etdiyi bölmənin 2 günlük fəaliyyəti haqqında hesabat verib.

Z.Cəfərzadə isə 2-ci bölmədə “Azərbaycanın ekoloji problemlərinin həlli və inkşaf mərhələsi” adlı məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.