www.science.az
10.10.2019 08:49

“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimatı olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının (iki dildə) təqdimat mərasimi keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq iki ölkənin dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Qeyd edib ki, kitab Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan EA Ədəbiyyat, Dil və Folklor İnstitutunun Elmi şuralarının qərarı ilə nəşr olunub.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və layihənin rəhbəri Samir Abbasov çıxış edərək yeni nəşrdə 23 minə yaxın söz və ifadənin əksini tapdığını bildirib. O, lüğətin ərsəyə gəlməsində əməyi keçən professor İsmayıl Məmmədlini, filologiya elmləri doktoru Almas Binnətovanı və Şohista Ortiqova Kamranlını fəxri diplomla təltif edib.

Mərasimdə, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, filologiya elmləri doktoru Almas Binnətova, özbəkistanlı ədəbiyyatşünas Babaxan Məhəmməd Şərif, şairə Xasiyət Rüstəm və tarixçi-publisist Şuhrat Barlas çıxış edərək lüğətin önəmindən danışıblar.

Sonda professor İsmayıl Məmmədli “Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə” adlı məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.