Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dilçilik İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib
09.10.2019 14:16
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib

Oktyabrın 9-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu ölkə Prezidenti İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə ədəbiyyatın digər sahələrinin inkişafında alimin böyük xidmətləri var. O, fars və ərəb dillərindən alınmaları təbii hal kimi qiymətləndirib. 

"Akademik Məmməd Cəfər Cəfərovun Azərbaycan dili ilə bağlı dəyərli fikirləri var" - deyə bildirən M.Nağısoylu onun Azərbaycan elmində görkəmli nəzəriyyəçi alim kimi qəbul edildiyini, professional ədəbiyyatşünaslığın yaradıcılarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, alimin yaradıcılığında ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid aparıcı istiqamətlərdir. Onun üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” (1970, 1974) kitabları Azərbaycanda rus ədəbiyyatı ilə bağlı qələmə alınmış ən sanballı elmi əsərlər sayılır.

Daha sonra Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlının akademik Məmməd Cəfər Cəfərovun həyat və fəaliyyətinə dair məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, ədəbiyyat tariximizin öyrənilməsində Məmməd Cəfər Cəfərovun əvəzedilməz xidmətləri var. Onun Nizami Gəncəvidən, Məhəmməd Füzulidən başlayaraq Hüseyn Cavidə, Səməd Vurğuna qədər söz sərrafları haqqında apardığı tədqiqatlar ədəbiyyat tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıyır. O, “Klassiklərimiz haqqında”, “Seçilmiş əsərlər”, “Həyatın romantikası”, “Cəlil Məmmədquluzadə”, “Əntiqə adamlar”, “XIX əsr rus ədəbiyyatı”, “Sənət yollarında”, “M.F.Axundovun ədəbi-tənqidi görüşləri”, “Səni kim unudar” və “Məmməd Cəfər. Biblioqrafiya” kitablarının müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: