www.science.az
08.10.2019 09:50

Azərbaycan tarixçiləri Bolqarıstanda beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Yambol şəhərində keçirilən “Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Konfransa Bolqarıstan alimləri ilə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Serbiya, Rumıniya, Xorvatiya, Ukrayna və digər ölkələrdən olan tədqiqatçılar da qatılıblar.

Konfransın açılışında Yambol şəhərinin meri və bələdiyyə başçısının çıxışlarından sonra söz akademik Yaqub Mahmudova verilib. Alim Azərbaycanda multikultural dəyərlərə böyük önəm verildiyini, burada müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə ibadət etdiklərini və onların hüquqlarının Konstitusiya ilə qorunduğunu deyib. O, Azərbaycan-Alban kilsəsinin bütün Qafqazın ilk xristian kilsəsi olduğunu söyləyib.

Alim çıxışında qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir çox ölkələrin ali dini orden və medalları ilə təltif olunublar.

Daha sonra Y.Mahmudov “Qədim Alban kilsəsi və onun faciəli tarixi” mövzusunda məruzə ilə də çıxış edib. Məruzəçi bildirib ki, Alban kilsəsinin faciəli tarixi onun 1836-cı ildə çar Rusiyası tərəfindən ləğv edilməsi və erməni-qriqoriyan kilsəsinin təcavüzkar fəaliyyəti ilə bağlı olub.

“Erməni-qriqoriyan kilsəsi Alban kilsəsinin tarixini saxtalaşdırıb, kitabxanalarını məhv edib, diofizit albanların qriqoriyanlaşdırılması və erməniləşdirilməsi siyasətini yeridib. Daha sonra qədim albanların yaşadıqları bütün torpaqlarla bağlı Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürülüb və əslində bununla müasir dövrdə Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ciddi təhlükə olan Dağlıq Qarabağ münaqişəsinin əsası qoyulub” - deyə Y.Mahmudov əlavə edib.

Alimin çıxışı zamanı tarixi sənədlər, ermənilər tərəfindən dağıdılmış dini abidələrimizin, məscidlərimizin tövləyə çevrilməsini, qədim Azərbaycan şəhəri olan İrəvanda erməni vandalları tərəfindən dağıdılmış məscidləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.