www.science.az
07.10.2019 16:13

“Fizika və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Fizika və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib.

Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə keçirilən seminar “Startap” layihəsi çərçivəsində baş tutub.

Tədbiri rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 3 aprel 2019-cu il tarixində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncam imzaladığını xatırladıb. Qeyd edib ki, sərəncamdan irəli gələn əsas vəzifələrdən biri muxtar respublika ərazisindəki ali məktəb tələbələri ilə birlikdə müxtəlif elmi-kütləvi tədbirlərin təşkil edilməsi, hamiliyə götürülmüş tələbələrin elmə maraqlarının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.

Daha sonra Q.Həziyev “Fizika və astronomiyanın müasir problemləri”, kiçik elmi işçilər Vəfa Qafarova “Kainatda qara çuxurlar” və Türkan Məmmədova “Müasir yerüstü optik teleskoplar” mövzusunda çıxış ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.