Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Görkəmli Azərbaycan yazıçısı və alimi Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi münasibətilə elmi konfrans keçirilib
17.06.2014 00:00
  • A-
  • A
  • A+

Görkəmli Azərbaycan yazıçısı və alimi Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi münasibətilə elmi konfrans keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundagörkəmli Azərbaycan yazıçısı və alimi Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.

Tədbir iştirakçıları öncə institut əməkdaşları tərəfindən təşkil edilmiş, görkəmli ədibin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq görkəmli Azərbaycan yazıçısı və alimi, böyük maarifçi Abbasqulu ağa Bakıxanov irsinin tədqiqi sahəsində sovet dövrundə görülən işlərdən ətraflı danışıb. Akademik bildirib ki, müstəqillik illərində görkəmli ədibin həyat və yaradıcılığına bir daha nəzər salmağa ehtiyac vardır. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 12 fevral 2014-cü il tarixli Sərəncamı böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovu universal şəxsiyyət adlandıran İsa Həbibbəyli onun müxtəlif elm sahələrinə aid əsərlərinin əhəmiyyətini xüsusi vurğulayıb, müstəqillik dövrünün işığında ədibin əsərləri üzərində yeni istiqamətli tədqiqat işlərinin aparılması zərurətindən, bunun üçün yaranmış tarixi şəraitdən danışıb.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvüRafael Hüseynov “Müsəlman Şərqində ensiklopedik zəkalı alim tipi və Abbasqulu ağa Bakıxanov” adlı məruzəsində görkəmli ədibin hərtərəfli istedadı, dərin zəkasının müasirləri tərəfindən etiraf edilməsini xüsusi vurğulayıb, onun hər şeydən öncə vətənpərvər bir ziyalı olduğunu nəzərə çarpdırıb.

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Abbasqulu ağa Bakıxanovun əlyazma irsi” adlı məruzəsində görkəmli ədibin əsərlərinin çalışdığı elmi-tədqiqat müəssisəsində, eləcə də dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanılan əlyazmaları barədə məlumat verib. Abbasqulu ağa Bakıxanov irsinin tədqiqatçılara, oxuculara çatdırılmasında böyük əmək sərf etmiş Məmmədağa Sultanov, Ənvər Əhmədov kimi alimlərin xidməti xüsusi olaraq diqqətə çatdırılıb.

“Azərbaycan tarixşünaslığının inkişafında Abbasqulu ağa Bakıxanov səhifəsi” mövzusunda məruzə ilə çıxış edən Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov Abbasquluağa Bakıxanovun tarixşünaslıq sahəsindəki fəaliyyəti, xüsusilə də “Gülüstani-İrəm” əsərinin tarix elminin inkişafındakı rolu barədə danışıb.

Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova “Abbasqulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” əsərinin məzmununa yeni baxış” adlı məruzəsində ədibin bu əsərinə dair yeni araşdırmalar barədə məlumat verib.

Konfransda yekun sözü ilə çıxış edən Humanitar və İctimai Elmlər Bölməsininakademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüTeymur Kərimli klassiklərimizin irsinin tədqiqinə, nəşrinə yenidən qayıtmağın vacibliyindən danışıb, bu sahədə ölkə rəhbərliyinin göstərdiyi qayğını xüsusi qeyd edib.

Tədbirdə AMEA Humanitar və İctimai Elmlər Bölməsini təmsil edən elmi-tədqiqat institutlarının əməkdaşları ilə yanaşı, sahə üzrə tədqiqatçı alimlər və elmi ictimaiyyətin bir sıra digər nümayəndələri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: