www.science.az
01.10.2019 15:16

Mərkəzi Elmi Kitabxana Ukraynanın kitabxanaları ilə əlaqələrini genişləndirir

Ukraynanın Dövlət Gənclər Kitabxanasının müdiri Qeorqiy Saprıkinin başçılığı ilə Ukrayna kitabxanalarını təmsil edən nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Nümayəndə heyəti əvvəlcə MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova ilə görüşüb.

Görüşdə kitabxanalara müasir informasiya texnologiyalarının tətbiqi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. L.İmanova Kiyev, Poltava, Xarkov kitabxanaları ilə mövcud əlaqələrdən danışıb, kitabxanalararası beynəlxalq informasiya mübadiləsinin əhəmiyyətini qeyd edib.

Daha sonra ukraynalı qonaqlar kitabxananın fəaliyyəti ilə tanış olub, Diplomatik Fond, Nadir kitablar Fondu, Dissertasiyalar zalı və digər oxu zallarını ziyarət ediblər. Onlar MEK-in Rəqəmsallaşdırma və Açıq elektron mənbələr şöbələrinin fəaliyyətini dərindən öyrəniblər. 

Nümayəndə heyəti tərəfindən MEK-in fonduna Ukraynanın tarixi, mədəniyyəti, memarlığı və ədəbiyyatı ilə bağlı kitablar hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.