Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər beynəlxalq konfransda təqdimatla çıxış ediblər
30.09.2019 14:24
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər beynəlxalq konfransda təqdimatla çıxış ediblər

Türkiyənin İzmir vilayətinin Çeşmə şəhərində "Perspektiv materialların termofiziki və mexaniki xassələri"nə həsr olunan VI beynəlxalq konfrans keçirilib.

Almaniya, Fransa, Braziliya, Slovakiya, Hindistan, Türkiyə, Rusiya və digər ölkələrdən alimlərin qatıldığı tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və müəssisənin laboratoriya müdiri, kimya elmləri doktoru Asif Məmmədov təmsil ediblər.

Konfransda müxtəlif təyinatlı yeni materialların (istilik boruları, soyutma sistemləri, kompozitlər, ion mayeləri, alüminium panelləri və s.) xassələrinin eksperimental tədqiqi və nəzəri hesablamaları, eləcə də müxtəlif kimyəvi proseslərin, o cümlədən biodizelin mikroreaktorda sintezi, nanomayelərə maqnit sahəsinin təsiri, qeyri-xətti istilik və kütlə köçürmələrinin riyazi modelləşməsi üçün istifadə olunan yeni yaxınlaşmalar və üsullar haqqında məruzələr dinlənilib.

Tədbirdə azərbaycanlı alimlərin qeyri-səlis bayesian yaxınlaşmasında səthdə kristallaşmanın 3D modelinin qurulmasına və asiloxlorid-allil xlorid sistemlərində gedən reaksiyaların temperaturdan asılılığına həsr olunan təqdimatları maraqla qarşılanıb.

Konfransın təşkilat komitəsi tərəfindən növbəti tədbirin 2020-ci ildə Almaniyada, 2021-ci ildə isə Azərbaycanda keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: