www.science.az
30.09.2019 09:50

Geologiya və Geofizika İnstitutunun Geoloji-Mineraloji Muzeyinin ilk kataloqu hazırlanıb

Elmi əhəmiyyətinə görə maraq doğuran çoxsaylı təbiət nümunələrinin qorunduğu AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) Geoloji-Mineraloji Muzeyi eksponatlarının ilk kataloqu “Nafta-Press” nəşriyyatında çapdan çıxıb.

Layihənin rəhbəri AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə, nəşrə məsul şəxs institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovdur.

Kataloqun fotolarını GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərli və Tofiq Rəşidov çəkiblər.

Qeyd edək ki, 1993-cü ildə təşkil olunan Geoloji-Mineraloji Muzeyin ekspozisiyası Azərbaycanın müxtəlif regionlarından toplanmış mineral, süxur, filiz nümunələrinə, həmçinin ölkəmizin fauna və florasına həsr olunub. Belə ki, bir neçə nəslə mənsub böyük geoloqlar kollektivinin Böyük və Kiçik Qafqazın müxtəlif regionlarında geoloji tədqiqat məqsədilə apardıqları çöl işləri zamanı toplanmış materiallar muzeyin ekspozisiyasını zənginləşdirib. Burada Azərbaycanın neftli-qazlı regionlarından (Abşeron, Bakı arxipelaqı, Kür çökəkliyi, Yevlax, Ağcabədi və b.) gətirilmiş böyük miqdarda kernlər də yer alıb.

Muzeydəki mineral, süxur, fauna və flora eksponatları sistemləşdirilib, onların məlumat bankı tərtib olunub. 500-dən artıq mineral və süxur, 200-dən çox fauna və flora nümunəsi muzeyin zalında və dəhlizlərdəki vitrinlərdə nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.