Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İnformasiya Texnologiyaları İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri ilə görüş keçirilib
27.09.2019 10:30
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri ilə görüş keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Bakı Avropa Liseyinin bir qrup şagirdi ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev akademiyanın əsas prioritet istiqamətlərindən birinin elm və təhsilin inteqrasiyası olduğunu vurğulayıb. Alim bu məqsədlə gənclər arasında olimpiadaların təşkil olunduğunu və müxtəlif elmi və texnoloji layihələrin icra edildiyini nəzərə çatdırıb.

Gələn il AMEA-nın yaradılmasının 75 illiyinin qeyd olunacağını diqqətə çatdıran akademik bu qurumun Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu deyib. Qeyd edib ki, bu gün akademiyanın müxtəlif institut və təşkilatlarında dünyanın inkişaf tempinə uyğun olaraq qabaqcıl elmlər üzrə tədqiqatlar aparılır.

Rasim Əliquliyev elmə marağı olan gənclərin formalaşdırılmasında AMEA-nın geniş imkanlara malik olduğunu söyləyib. O, liseyin şagirdlərinin elmə marağının artırılması üçün onların maraq dairələrinin müəyyənləşdirən anketlərin hazırlanmasının, şagirdlərlə interaktiv işlərin aparılmasının və institutda “Şagirdlərin İKT üzrə ümumrespublika konfransı”nın keçirilməsinin böyük səmərə verəcəyinə əminliyini ifadə edib.

Bakı Avropa Liseyinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova rəhbərlik etdiyi təhsil ocağının öz nailiyyətləri ilə hər zaman respublikanın öndə gedən tədris müəssisələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Bakı Avropa Liseyinin əsas vəzifəsi istedadlı uşaqların intellektual və yaradıcı potensialını üzə çıxarmaq və onların şəxsiyyətini inkişaf etdirməkdir. Liseydə fəal interaktiv təlim metodlarından geniş istifadə olunur, təlim-tədris prosesində informasiya-kommunikasiya texnologiyaları mərhələlərlə tətbiq olunur.

Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər institutun AzScienceNet elm kompüter şəbəkəsi, şəbəkənin Data Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi, Distant Tədris Mərkəzi, Elektron Kitabxana Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Nəşriyyatının fəaliyyəti və burada 3D-printerin iş prinsipi ilə yaxından tanış olublar, onlara bu bölmələrin imkanları, görülən işlər haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: