Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Arif Həşimovun 70 yaşı tamam olur
26.09.2019 15:36
  • A-
  • A
  • A+

Akademik Arif Həşimovun 70 yaşı tamam olur

Sentyabrın 28-də energetika sahəsində tanınmış alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Azərenerji" ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, AMEA-nın Fizika İnstitutunun laboratoriya rəhbəri, akademik Arif Həşimovun 70 yaşı tamam olur.

Həşimov Arif Məmməd oğlu 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində müəllim ailəsində anadan olub. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsinə daxil olub. O, 1971-ci ildə universiteti bitirdikdən sonra Fizika İnstitutunun Elektrofizika laboratoriyasında işləməyə başlayıb. 2002-ci ildə Fizika İnstitutunun direktoru seçilib və bu vəzifəni 2009-cu ilə qədər icra edib. 2007-2013-cü illərdə AMEA-nın birinci vitse-prezidenti olub. Hazırda Fizika İnstitutunun Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasının rəhbəri, həmçinin "Azərenerji" ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, eləcə də Azərbaycan Texniki Universitetinin professorudur. A.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxuyub və Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrasının professoru olub.

O, 1980-ci ildə "Elektrik sistemlərində bərpa olunan gərginliyin hesablama maşınında modelləşdirilməsi" mövzusunda namizədlik, 1993-cü ildə isə "Elektrik şəbəkələrində dalğa proseslərinin hesab­lanmasında səth effektinin və taclanmanın modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.

Akademik Çingiz Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilib. A.Həşimovun iştirakı ilə yerinə yetirilən tədqiqatların nəticələri dəfələrlə SSRİ və AMEA-nın elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilib.

Akademik müasir elmin çox əhəmiyyətli istiqamətlərindən biri olan energetikanın fiziki-texniki problemləri sahəsində elmi-tədqiqat işləri aparıb. Onun rəhbərliyi altında gərginlik transformatorlarında və 110-500 KV-luq paylayıcı qurğuların tutum gərginlik bölücülərində ferrorezonans proseslərin aşkar edilməsi və qarşısının alınması işlənib. Eyni zamanda güclü elektrik sahələrinin və qazboşalmalarının təsirləri nəticəsində dielektrik materialların səthində və həcmində reallaşan proseslərin mexanizmləri aşkarlanıb və onların fiziki-kimyəvi elmi əsasları hazırlanıb. Bundan əlavə, qaz, maye və bərk cisim halında olan dielektriklərin xassələrinin kompleks tədqiqi üzrə elmi-praktiki nəticələr əldə edilib.

A.Həşimov 1978-ci ildə yüksək gərginlikli elektrik şəbəkələrinin neytralının rejimləri sahəsindəki kompleks işlərə görə həmmüəlliflər ilə birlikdə Dövlət mükafatına layiq görülüb. Müasir kompüterlər meydana gələnə qədər akademik tərəfindən mürəkkəb elektrik dövrələrində dalğa proseslərinin hesabat alqoritmləri işlənib hazırlanıb ki, bunların da qısa qapanma cərəyanlarının bərpa olunması və ferrorezonans ifrat gərginliklərin məhdudlaşdırılması istiqamətində yeni texniki həllərin riyazi modellərdə tədqiqinin təmin edilməsində çox böyük rolu olub.

Onun rəhbərliyi altında 4 elmlər, 17 fəlsəfə doktoru hazırlanıb. Alim 310-dan çox elmi məqalənin, onlarla patentləşdirilmiş ixtiraların və 5 monoqrafiyanın müəllifidir.

A.Həşimov məhsuldar elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətinə görə, 2005-ci ildə Əməkdar elm xadimi adına layiq görülüb.

Görkəmli alimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: