www.science.az
15.09.2014 00:00

“Qədim Qəbələ” arxeoloji ekspedisiyası tərəfindən Qəbələ rayonu ərazisində yeni arxeoloji tədqiqatlar aparılıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Qədim Qəbələ” arxeoloji ekspedisiyası tərəfindən Qəbələ rayonu ərazisində 2014-cü ilin çöl tədqiqatları mövsümündə aparılan son arxeoloji araşdırmalar zamanı yeni maraqlı faktlar aşkar olunub. E. ə. IV minilliyin birinci yarısına aid Qalayeri qədim yaşayış məskənində əvvəlki illərdə aparılmış qazıntı işləri bu il də davam etdirilib.

Öz kökləri ilə Ön Asiyaya bağlı olan Leylatəpə arxeoloji mədəniyyətinə məxsus Qalayeri yaşayış məskənində aşkar edilmiş gil qatlarından qurulmuş tikili qalıqlarının analoqları Azərbaycan və bütövlükdə Qafqaz abidələrindən məlum deyildir. Tapıntıların əksəriyyətini saxsı qab qalıqları və daşdan müxtəlif əmək alətləri təşkil edir. Ön Asiya ənənələrinin davamı olaraq içərisində körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri də aşkar edilib.Abidədə hələ 6 min il əvvəl Qafqazda məlum olmayan dulus çarxının tətbiqini bir daha sübut edən tapıntı – üstündə çarxın fırlandığı daş alət və çarxın daşdan digər detalları aşkar edilib. Məişətdə daha çox tələbatın olduğu saxsı qabların dulus çarxında istehsalı və onların üstündə tanınma işarələrinin vurulması hələ 6 min il əvvəl Azərbaycanda kütləvi istehsal üzərində mərkəzləşmiş nəzarətin, cəmiyyətdə erkən idarəçilik ənənələrinin təşəkkül tapdığını göstərir. Ümumiyyətlə, Qalayeri yaşayış məskəni memarlıq qalıqları və bütün arxeoloji materialları ilə Şərqi Anadoludakı Arslantəpənin 7-ci təbəqəsi ilə tam uyğunluğa malikdir.

Ekspedisiya rayon ərazisində arxeoloji kəşfiyyat işləri də aparıb, əvvəllər elmə məlum olmayan yeni abidələr aşkarlayıb. İlk növbədə Dizaxlı kəndi yaxınlığında, Qaraçayın hündür sağ sahilində aşkar edilmiş Daş dövrünün qədim mərhələsinə - alt paleolit dövrünə aid daş alətləri xüsusilə qeyd etmək lazımdır. Yaşı 450-500 min il olan qədim Aşel mərhələsinə aid iri qaşov-iskənə və çopper tipli bu alətlərin aşkar edildiyi “Qızlar qalası” adlı sahə çox güman ki, ibtidai insanların açıq tipli düşərgəsi olmuşdur. Bu tapıntılar Böyük Qafqaz dağlarının cənub ətəklərində Aşel dövründə insanların məskunlaşması və miqrasiyası tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Ekspedisiyanın elmi yeniliklərindən biri də Dizaxlı kəndinin şərqində, Qaraçayın hündür sağ sahilinin kənarında Kür-Araz mədəniyyətinə aid torpaq qəbirləri nekropolunun müəyyən edilməsi olub. Belə ki, bu vaxtadək Kür-Araz mədəniyyətinə aid kurqan örtüyü olmayan və yaşayış yerindən kənarda torpaq qəbirləri məzarlığı məlum deyildir. Burada dəfinə axtaranlar bir neçə qəbri dağıtmışdılar. Abidənin xüsusiyyətini müəyyən etmək üçün qəbirlərdən birində arxeoloji qazıntı aparılıb. Qəbirdə insanın skeleti, onun ətrafında saxsı qablar və toxuculuq aləti olan sümükdən iy başlığı aşkar edilib. Həmçinin, kəndin ərazisindəki kurqanların GPS koordinatları və ölçüləri qeydə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.