Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bakı Dövlət Universitetinin təşkili və fəaliyyətinin ilk mərhələsi
24.09.2019 15:18
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin təşkili və fəaliyyətinin ilk mərhələsi

"Azərbaycan öz ali maarif ocağını  açdı. Türk xalqları tarixinə yeni parlaq səhifə yazıldı. Avropa və Asiyanın hüdudlarında  yeni bir məşəl şölələndi". Prof. V.İ.Razumovski

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin elm və təhsil sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən biri də müsəlman Şərqində ilk dünyəvi ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaradılması olmuşdur. Məlumdur ki, hələ 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə yaradılan IV hökumət kabinetinin Parlamentə təqdim etdiyi proqramda Bakıda universitet təsis edilməsi məsələsi ön plana çəkilmişdi. Nəsib bəy Yusifbəylinin Parlamentdəki çıxışından bəlli olur ki, vaxtilə Zaqafqaziya Federativ Respublikası Hökumətinin (28.04.1918-26.05.1918) təşəbbüsü ilə Tiflisdə yaradılmış Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi Xalq Cümhuriyyəti qarşısında duran əsas məsələlərdən biri idi.

Tarixdən o da məlumdur ki, ilk Azərbaycan Milli Hökümətinə başçılıq etmiş Fətəli xan Xoyski Tiflisdə olarkən Zaqafqaziya Universitetini yaratmaq istəyən professor Razumovskiyə həmin Universitetin Bakıda açılmasını məsləhət görmüşdü. Təəssüf ki, yeni hökumətin proqramına uyğun olaraq Zaqafqaziya Universitetini Bakıya köçürməklə bağlı uzun-uzadı danışıqların aparılması, universitetin rektoru V.İ.Razumovskinin  tez-tez Bakıya gəlməsi də bu məsələni həll etməyə imkan vermədi.

Nəhayət, Cümhuriyyət hökumətinin razılığı ilə Xalq Maarif Nazirliyi tərəfindən professor V.İ.Razumovski müstəqil universitet təşkil etmək məqsədi ilə Bakıya dəvət olunur. 1919-cu il aprelin sonunda o, Bakıya gəlir. Bu zaman artıq Azərbaycan Höküməti xüsusi qərarla Xalq Maarif Nazirliyinə 1919/20-ci tədris ilinin əvvəlinə kimi Bakıda universitetin yaradılması ilə bağlı zəruri hüquqi-normativ sənədlərin layihələrini hazırlamaq məqsədi ilə komissiya yaratmağı, müvafiq təşkilati məsələləri həll etməyi tapşırmışdı. Xalq Maarif Nazirliyi bu tapşırığa əsasən Universitet Komissiyası təşkil edir. Hökümət 19 may 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirliyi yanında fəaliyyət göstərəcək Universitet Komissiyasının tərkibini təsdiq edir. Komissiyaya professor Vasili İvanoviç Razumovski (sədr), professor Aleksandr Mixayloviç Levin, professor Nikolay Aleksandroviç Dubrovski, Bakı şəhər Bələdiyyə idarəsindən Əlicabbar Orucəliyev, Xalq Maarif Komissarlığının nümayəndəsi Məmmədağa Şahtaxtinski (üzvlər), katibliyə isə İvan İvanoviç Babuşkin daxil edilir.

Dünya elm və təhsil tarixinə üç universitetin (Saratov, Zaqafqaziya və Bakı) yaradılmasının təşkilatçısı və rektoru kimi daxil olmuş V.İ.Razumovskinin rəhbərliyi ilə qısa zamanda Bakı Dövlət Universitetinin təsis olunması ilə bağlı "Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında", "Bakı Dövlət Universitetinin Nizamnaməsi", "Bakı Dövlət Universitetinin 1919/20-ci dərs ili üçün ştat və xərclər haqqında" qanun layihələri  hazırlanaraq hökumətə təqdim olunur. Hökumət həmin sənədləri bəyənir və 7 iyul 1919-cu il tarixli qərarı ilə onları Xalq Cümhuriyyətinin Parlamentinə təqdim edir. Təxminən iki aya yaxın bir müddətdə həmin sənədlər Parlamentin müvafiq komissiyalarında ətraflı müzakirə olunur. Eyni zamanda, Bakı Universitetinin yaradılması məsələsi mətbuatda ciddi müzakirə mövzusuna çevrilir.

Gərgin mübahisə və müzakirələrdən sonra Bakıda universitetin təsis edilməsi ilə bağlı qanun layihəsi Parlamentin 21 avqust 1919-cu il tarixli 67-ci iclasının gündəliyinə salınır. Bu tarixi iclasa tanınmış pedaqoq Sultan Məcid Qənizadə sədrlik edir. İclasın katibi Mehdi bəy Hacınski qanun layihəsinin məzmunu və mahiyyəti, komissiyalarda irəli sürülən təklif və edilən düzəlişlər haqqında ətraflı məlumat verir. Müzakirələrdə ilk söz alan "İttihad" fraksiyasının rəhbəri Qarabəy Qarabəyov müzakirələrin dayandırılmasını, layihələrin yenidən komissiyalara qaytarılmasını təklif edir, ümumiyyətlə isə, universitet açılmasının hələlik mümkün olmadığı haqda fraksiyası adından çıxış edir və təklifinin səsə qoyulmasını iclasın  sədrindən tələb edir. Parlamentdə səsə qoyulan həmin təklif səs çoxluğu ilə (28 səs lehinə, 17 səs əleyhinə) qəbul edilir və universitetin təsis olunması ilə bağlı olan məsələ gündəlikdən çıxarılır.

Həmin dövrün tarixi reallığını və Bakıda universitet açılmasının millətin elm, təhsil və mədəniyyəti üçün böyük əhəmiyyətini dərindən dərk edən Parlamentin bir çox üzvləri bu qərara qəti etiraz səslərini ucaldırlar. Parlamentdə böyük nüfuz sahibi olan Məhəmməd Əmin Rəsulzadə ilk olaraq söz alır və təqdim olunmuş layihələrin yenidən müzakirəyə çıxarılması ilə bağlı tarixi çıxış edir. Ondan sonra xalq maarif naziri Rəşid xan Kaplanov, Səmədağa Ağamalıoğlu, Əliheydər Qarayev, Mustafa Məmmədov və başqaları çıxış edərək Bakıda universitet açılmasının əhəmiyyətini əsaslandırdıqdan və dörd saatdan artıq sürən gərgin mübarizədən sonra Patlament öz qərarına yenidən baxmaq və təqdim olunmuş layihələrin müzakirəsinə başlamaq haqqında qərar qəbul etmək məcburiyyətində qalır. Bakı Dövlət Universitetinin təsis edilməsinə dair qanun layihələrinin yenidən müzakirəsinə başlanması haqqında qərardan sonra həmin məsələ Parlamentin 25 avqust və 1 sentyabr tarixli 68-ci və 70-ci iclaslarında ətraflı müzakirə olunaraq, sonuncu iclasda "Bakı Dövlət Universitetinin təsis olunması haqqında Qanun" qəbul edilir.

Parlamentin 18 sentyabr 1919-cu il tarixli iclasında "Bakı Dövlət Universitetinin Nizamnaməsi" haqqında Qanun layihəsinin müzakirəsinə başlanır, gərgin keçən müzakirələrdən sonra sentyabrın 29-da həmin qanun da təsdiq olunur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, "Bakı Dövlət Universitetinin təsis olunması haqqında Qanun" görkəmli pedaqoq, Parlamentin sədr müavini Sultan Məcid Qənizadə, "Bakı Dövlət Universitetinin Nizamnaməsi" haqqında Qanun isə tanınmış ziyalı, Parlamentin sədr müavini, doktor Həsən bəy Ağayev tərəfindən imzalanmışdır.

Sonralar V.İ.Razumovski bu tarixi hadisələri xatırlayaraq həmin məsələnin müsbət həllində fədakarlıq, əsl vətənpərvərlik, milli mənafeyi hər şeydən uca tutmaq nümunəsi göstərən insanları "Universitetin və maarifin həqiqi dostları" adlandırır, onların sırasında Məhəmməd Əmin Rəsulzadəni, Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini, Rəşid xan Kaplanovu, Həsən bəy Ağayevi, Səmədağa Ağamalıoğlunu, Əliheydər Qarayevi, Əhməd bəy Pepinovu, Camo bəy Hacınskini və başqalarını xüsusi qeyd edirdi.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti üçün bina məsələsi böyük mübahisələr doğursa da, 1919-cu il avqust ayının 13-nədək ingilis ordusunun hərbi hospitalı kimi istifadə olunan, keçmiş Bakı Kommersiya Məktəbinin, eləcə də birinci Bakı kişi gimnaziyasının binaları universitetə verilir. Həmin binaların təmirinə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev köməklik göstərir. 

Universitetin yaradılması haqqında Qanun qəbul edildikdən bir neçə gün sonra Universitet Komissiyasının iclasında Universitetin rektoru və dekanlıqlarına namizədlər seçilir və təsdiq üçün hökumətə təqdim olunur. Hökumətin 8 sentyabr 1919-cu il tarixli "Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında" qərarı ilə V.İ.Razumovski rektor, İ.İ.Şirokoqorov tibb fakültəsinin, N.A.Dubrovski isə tarix-filologiya fakültəsinin dekanı vəzifələrinə təsdiq edilirlər. V.İ.Razumovski tədrisə başlamaq üçün kadr dəvət etmək məqsədilə Rostov-Yekaterinoslav-Xarkov marşurutu ilə ezamiyyəyə yollanır. Digərləri isə tədris avadanlıqları almaq məqsədilə Avropa ölkələrinə göndərilir. V.İ.Razumovski noyabrın əvvəllərində bir neçə professorla Bakıya qayıdır. Universitet Şurasının 8 noyabr 1919-cu il tarixli iclasında ilk dərslərin noyabrın 15-də başlanması qərara alınır. Universitetin binaları zəruri avadanlıqlarla təmin olunur və  akademik heyətin əsas hissəsi kompleksləşdirilir. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetində nəzərdə tutulduğundan iki dəfə az, cəmi 44 nəfər akademik tərkiblə (onlardan 12-si professor, 3-ü dosent və 1-i privat dosent idi) iki fakültədə - tibb fakultəsinin üç kursunda, tarix-filologiya fakultəsinin birinci kursunda 877 tələbə və 217 azad dinləyici ilə sistematik dərslər başlanır. Tələbələrin 297-si azərbaycanlı, 366-sı yəhudi, 209-u rus, 222-si isə digər millətlərin nümayəndələri idi. Bakı Dövlət Universitetinə ilk qəbulun tələbələri və azad dinləyiciləri arasında aşağıdakı azərbaycanlı tələbələrin adlarını çəkmək yerinə düşərdi: Abbasov Həsən Əhməd oğlu, Ağayev Nəcəf Hacıimam oğlu, Ağabəyov Yusifbəy Məmmədbəy oğlu, Əliyev Əjdər Seydulla oğlu, Əzizbəyov Camalbəy, Ağamalıyev Səmədağa, Ağayeva Fatmaxanım, Atamalıbəyova-Vəkilova Rəna, Aslanov Qulaməli Mirzəabbasqulu oğlu, Axundov Mirzə İbrahim oğlu, Babayev Həbib Mirzağa oğlu, Bağırov Nağı Məşədiələsgər oğlu, Vəliyev Verdi Lətifverdi oğlu, Vəliyev Məmmədhəsən Nəcəfqulu oğlu, Hacinski Əhməd bəy Sultanbəy oğlu, Hacinski Mehdi bəy, Hacinski Məmmədqulu bəy, Hacıyev Bayram, Həsənov Rzaqulu İsmayıl oğlu, Hacinski Əbdüsalam bəy Kazım oğlu, Zeynalov Ağamehdi Səttar oğlu, Zeynallı Məmmədhənifə, Zülfüqarov Ənuşirəvan bəy, Kazımov Məmmədkazım Məmmədrza oğlu, Qafarov Məşədikərim, Qacar Abbasmirzə, Qasımov Yusif Məşədibad oğlu, Məhəmməd Əli oğlu, Mövsümov Heydər Ağahüseyn oğlu, Mahmudov Mustafa Hacı oğlu, Məmmədov Əhməd, Musayev Əbdülrəhman, Mustafayev Ağahüseyn Qulu oğlu, Musayev Cəmil, Naxçıvanski Davudxan, Pepinov Cavad Ömər oğlu, Pepinov Zəki Ömər oğlu, Rüstəmbəyli Həmid, Ramazanov Ağamusa, Rəsizadə Əlirza, Rzayev Məzahir Həsən oğlu, Sanıyev Hacı Kərim, Sultanov Bahadur Yusif oğlu, Topçubaşova Sara Ağamərdan bəy qızı, Rza Təhmasib, Tağıyev İbrahim İsmayıl oğlu, Tahirbəyov Xalid, Firudinbəyov Ağabəy, Feyzullayev Kərim Feyzulla oğlu, Xəlilov Məhəmməd, Şaxtaxtinski Heydər, Şaiq Həşim İbrahimzadə, Şahzadə İsmayıl Abdulla oğlu, Şıxıyev Hüseyn Mustafa oğlu.

Həmin dövrdə universitetin akademik tərkibində cəmi 9 nəfər azərbaycanlı müəllim var idi. Onların içərisində sonralar dünya şöhrətli cərrah, akademik Mustafa bəy Topçubaşov və dosent Məmmədağa Şahtaxtınski də var idi. Kadr çatışmazlığı üzündən fəaliyyətinin ilk günlərində universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və dövlət xadimlərindən Məhəmmədəmin Rəsulzadə və Rəşid xan Kaplanov Osmanlı ədəbiyyatı tarixindən, nazir müavini Həmid bəy Şahtaxtınski isə rus dili və ədəbiyyatından mühazirələr oxuyurdular. Təəssüf ki, universitetlə bağlı sevincli günlər cəmi beş ay davam etdi.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Sovet Rusiyasının XI Qızıl Ordusunun hərbi müdaxiləsi ilə devrildi və Azərbaycanda Sovet hakimiyyəti quruldu. Universitetin tarixində yeni mərhələ başlandı. Azərbaycanın yeni xalq maarif komissarı Dadaş Bünyadzadə 1920-ci il mayın 11-də rektor V.İ.Razumovskiyə müraciət edərək universitetin "sosialist əmək quruluşu" prinsiplərinə uyğun yeni Nizamnaməsini hazırlamaq haqqında tapşırıq verir. V.İ.Razumovski bir il əvvəl böyük çətinliklə düzəltdiyi universitet Nizamnaməsini öz əli ilə dağıtmaqdan imtina edir və 1920-ci il mayın 26-da rektor vəzifəsindən istefa verir, bir neçə aydan sonra isə Bakını tərk edib vaxtilə yaratdığı Saratov Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirir.

1920-ci ilin aprelindən təcili olaraq Bakı Dövlət Universitetinin yeni Nizamnaməsi hazırlandı. Nizamnamə 1920-ci il iyulun 7-də Xalq Maarif Komissarlığı tərəfindən təsdiq olundu. Yeni Nizamnamə 1919-cu il Nizamnaməsindən xeyli fərqlənsə də, onun əsas prinsiplərini özündə saxlayırdı. Həmin prinsiplərə müstəqil idarəetmə, rəhbər orqanların seçkisi və vəzifələrin müsabiqə qaydası ilə tutulması daxil idi. Orada göstərilirdi ki, Bakı Dövlət Universiteti elm-tədris müəssisəsidir, onun əsas vəzifəsi  bütün sahələrdə elmi tədqiqatçılar hazırlamaq, elmi biliklərin Azərbaycan əhalisinin bütün təbəqələri arasında yayılmasına kömək göstərməkdən ibarətdir. Sənəddə universitetin hüquqi şəxs səlahiyyətləri təsbit edilir və ona geniş hüquqlar: nəinki azərbaycanlıları, həm də əcnəbiləri müstəqil surətdə dəvət etmək, şöbələr, institutlar, klinikalar, laboratoriyalar təşkil etmək, öz əməkdaşlarını elmi müəssisələrə, o cümlədən, xaricə ezam etmək və s. hüquqlar verilirdi. Nizamnamənin 6-cı bəndində qeyd edilirdi ki, Universitet Xalq Maarif Komissarlığının sərəncamındadır və öz fəaliyyəti haqqında ona illik hesabat verir. Milliyətindən və  cinsindən asılı olmayaraq 16 yaşından yuxarı bütün vətəndaşlar tələbə ola bilərdi. Universitetə daxil olmaq üçün təhsil haqqında sənəd və ilkin imtahan tələb edilmirdi. Universitet müəllimləri hər dərs ilinin əvvəlində gələcək tələbəyə lazım olan minimum bilikləri müəyyənləşdirirdi. Bu şərtlər fəhlə-kəndli gənclərin universitetə qəbul olunmasını asanlaşdırmaq məqsədi daşıyırdı. Vəzifələr seçki ilə tutulurdu. Ordinatorlar və laborantlar 2 illiyə, assistentlər 5 il müddətinə, müəllimlər elmi əsərləri ilə özünü göstərmiş şəxslər sırasından 7 il müddətinə, professorlar elmi əsərləri və elmi-pedaqoji fəaliyyəti ilə məşhur olan şəxslər sırasından müsabiqə yolu ilə seçilirdilər.   

XX əsrin 20-ci illəri Bakı Dövlət Universitetinin də tarixində olduqca  mürəkkəb bir dövrdür. Universitetdə elmi fəaliyyət, təlim-tərbiyə işləri sinfilik və partiyalılıq prinsipinin tələbləri əsasında yenidən qurulmağa başladı. Azərbaycan İnqilab Komitəsinin 10 və 22 may 1920-ci il tarixli dekretləri ilə Bakı Universiteti öz işini yenidən təşkil etmək məcburiyyətində qaldı. Universitet tələbələrinin sosial tərkibi tədricən dəyişdi. Bununla belə, iki il əvvəl Tibb və Tarix-filologiya fakultələri ilə fəaliyyətə başlayan Bakı Universiteti sürətlə genişlənməyə başladı.

V.İ.Razumovskidən sonra 15 iyun 1920-ci ildə Universitetə professor İ.İ.Şirokoqorov rektor təyin edildi. Lakin həmin ilin avqustunda vəba xəstəliyi ilə mübarizəni təşkil etmək üçün o, Batumiyə göndərildiyindən 1920-ci ilin iyun-noyabr aylarında Tibb və Tarix fakultələrinin dekanları A.İ.Levin və N.A.Dubrovski rektor vəzifəsinin müvəqqəti icra etdilər.  1920-ci ilin noyabr ayından, 1923-cü ilin oktyabrınadək tibb professoru Sergey Nikolayeviç Davıdenkov universitetə rəhbərlik etmişdir.

1921/22-ci dərs ilində universitetdə 1830 tələbə təhsil alırdı, onlardan 299 nəfəri azərbaycanlı idi. 1922/23-ci dərs ilində tələbələrin sayı azalıb 1560 nəfərə ensə də, azərbaycanlıların sayı artaraq 351 nəfərə çatmışdı.

1922-ci ilin yanvarın 30-da Xalq Maarif Komissarlığının kollegiyası universitetin üçüncü Nizamnaməsini təsdiq etdi. Yeni Nizamnamənin əsas maddələri 1920-ci il Nizamnaməsinə uyğun gəlirdi. Universitet Şurası əsas idarəetmə orqanı olaraq qalırdı. Təhsil pulsuz idi. Lakin respublikanın maliyyə vəziyyəti ağır olduğuna görə tələbələrdən hər yarım il üçün 15 qızıl manat məbləğində təhsil haqqı tələb edilirdi. Tələbələrin 50 faizə qədəri təhsil haqqından azad oluna bilərdilər. Təhsil haqqını yalnız varlı təbəqələrdən olan tələbələr verirdilər. Nizamnaməyə görə tələbələr bir il ərzində həftədə 4 saat olmaqla Azərbaycan dilini öyrənməli və kursu bitirdikdən sonra imtahan verməli idilər. Bu imtahanı verməyən tələbəyə universiteti bitirmək haqqında sənəd verilə bilməzdi. Azərbaycan dili sahəsində lazımi biliklərin həcmini Universitet şurası  müəyyən edirdi.

1923-1926-cı illərdə fəlsəfə professoru Aleksandr Dmitriyeviç Qulyayev universitetə rəhbərlik etmişdir.

1920-ci ildə Universitetin Tibb fakültəsində ilk azərbaycanlı A.X.Talıblı, A.Hacıyev, M.Cəfərov və Mustafa bəy Topçubaşov çalışırdı. 1921-ci ildə D.Rüstəmbəyov, Mirəsədulla Mirqasımov, 1922-ci ildə O.A.İldırım, M.Sultanov, A.A.Abbasov, M.A.Həbibov, L.Mahmudbəyova, A.X.Şahtaxtinskaya, M.P.Səfərəliyev, 1923-cü ildə K.X.Bağırbəyov, Kamil Balakişiyev, B.Babayev, 1924-cü ildə S.A.Kazımov, H.Əlibəyov, A.Adıgözəlov, S.Axundova, H.Əliyev, Q.Atabəyov, M.Kojlayev, C.Sultanova, Q.Talışinskiy, C.S.Axundov, M.Səfərəlibəyov, M.A.Hacıyev, N.K.Yaqubov və S.K.Vəli-Xan onlara qoşuldu. İldən-ilə milli kadrların sayı artdı. 1922-ci il avqustun 2-də Bakı Dövlət Universitetinin tibb fakültəsinin ilk buraxılışı oldu. Həmin il fakültəni 29 nəfər bitirib həkim adı almışdı. Onlardan üç nəfəri - Ə.Əlibəyov, Ceyran xanım Sultanova və Adilə xanım Şaxtaxtinskaya azərbaycanlı idi.       

Qeyd etmək lazımdır ki, Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Cümhuriyyət dövründən qalmış siyasi, iqtisadi və mədəni müstəqillik əsasən qorunub saxlanıldı, həmin illərdə ölkə rəhbərlərindən biri olan böyük siyasi xadim Nəriman Nərimanovun imzaladığı "Bakı Dövlət Universiteti professorlarının və müəllimlərinin əvəzedilməz ixtisaslı işçilər sırasına daxil edilməsi haqqında", "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında" sənədlər sonralar universitetin inkişafında və tədrisin milliləşdirilməsində öz tarixi rolunu oynadı.

1920/21-ci tədris ilində Universitetdə Fizika-riyaziyyat fakültəsi yaradıldı.

Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 13 iyul tarixli dekreti ilə Universitetin bütün professor-müəllim heyəti hərbi mükəlləfiyyətdən azad edildi. Həmin dövrdə XI Qızıl Ordu sıralarında xidmət edən ordinatorlar Mustafa Topçubaşov və Əsəd Hacıyev tərxis olunub Bakı Dövlət Universitetinə işə göndərildilər. Tarix-filologiya fakultəsinin tərkibində fəaliyyət göstərən şərqşünaslıq şöbəsi Universitet şurasının 1922-ci il 30 mart tarixli qərarı ilə müstəqil fakultəyə çevrildi. 

Universitetin üçüncü Nizamnaməsinin qəbul olunmasından bir il keçməmiş, 1923-cü il aprelin 14-də Xalq Maarif Komissarlığının kollegiyası universitet həyatına öz təsirini gücləndirmək məqsədi ilə onun dəyişdirilməsi məsələsini müzakirə etdi. Bu idarəetmə üsulu dövləti cəmiyyətə qarşı qoyan siyasi təfəkkürün nəticəsi idi. 1923-cü il fevralın 26-da Xalq Maarif Komissarlığının kollegiyası universitetin yeni Nizamnaməsini təsdiq etdi. Universitetin dördüncü Nizamnaməsi yeddi fəsildən və 79 maddədən ibarət idi. Burada universitet yenə də elm-tədris müəssisəsi kimi səciyyələndirilirdi. Yeni Nizamnamənin əsas yeniliyi ondan ibarət idi ki, seçilmiş rektor, prorektor və dekanlar Xalq Maarif Komissarlığı tərəfindən təsdiq edilməli idi. Yeni Nizamnaməyə görə, bütün fakültələrdə vahid alimlik dərəcəsi-müvafiq elm bölməsi üzrə doktor adı təsdiq edilmişdi. Adların verilməsi şərtləri fakültələr tərəfindən müəyyən edilir və Şura tərəfindən təsdiq olunurdu. Nizamnamə universitetin akademik heyətinə aşağıdakıları aid etdi: professor, dosent, privat-dosent və assistent. Yeni Nizamnamənin mühüm cəhətlərində biri, bu vəzifələrə seçki zamanı Azərbaycan dilini bilənlərə üstünlük verilməsi idi.  

Azərbaycan SSRİ tərkibinə daxil olduqdan sonra, 1922-ci il dekabrın 6-da Xalq Maarif Komissarlığı kollegiyasının qərarı ilə universitetin adı dəyişdirilərk Azərbaycan Dövlət Universiteti adlandırıldı. Artıq universitetlə bağlı qərarlar mərkəzdə qəbul olunurdu və onların icrası məcburi idi. Bütün ölkədə olduğu kimi, universitetdə də təhsil sovet ideologiyasına xidmət edirdi.

1923-cü ildə Universitetin Tarix-filologiya fakultəsinin İctimai elmlər fakültəsinə çevrilməsi haqqında qərar qəbul olundu.

Bir il sonra, yəni 1924-cü ildə Fizika-riyaziyyat və İctimai elmlər fakultələrinin bazasında Pedaqoji fakültə yaradıldı. 1924-cü il yanvarın 23-də universitetə Vladimir İliç Leninin adı verildi.

1924-cü ilin oktyabrında Baş Peşə Təhsili İdarəsi ali məktəblərin yenidən qurulmasında Rusiyanın təcrübəsini tətbiq edərək ali məktəblərin bütün fakültələrinin tədris planının məcburi fənlər siyahısına tarixi materializm, Sovet Konstitusiyası, Azərbaycan dili və bir Qərbi Avropa dili daxil etdi. Eyni zamanda, ADU-nun daha perspektivli tələbələri üçün professor təqaüdünün təsis olunması haqqında qərar qəbul edildi. Belə təqaüdçülərin sayı 10 nəfərdən çox olmamalı idi. Bundan əlavə, yerli millətdən olan elmi işçilər hazırlamaq məqsədi ilə istedadlı elmi işçilərin SSRİ-nin və xarici ölkələrin nüfuzlu universitetlərinə göndərilməsi məsələsinə də razılıq verildi.

1926-cı il mayın 18-də Xalq Maarif Komissarlığının kollegiyası cəmi iki il əvvəl qəbul edilmiş ADU-nun dördüncü Nizamnaməsini "zamanın tələblərinə" cavab vermədiyinə görə dəyişdirərək, respublikanın bütün ali məktəbləri üçün vahid Nizamnamə hazırlanmasını zəruri hesab etdi. Hazırlanmış Nizamnamə layihəsi 1926-cı il sentyabrın 28-də Dövlət Elm Şurası və Xalq Maarifi Komissarlığının kollegiyası tərəfindən bəyənildi. Ali məktəblər haqqında 1926-cı il Nizamnaməsi 1923-cü il Nizamnaməsindən xeyli fərqlənirdi. Əgər əvvəlki nizamnamələrdə universitet elm-tədris müəssisəsi hesab edilirdisə, 1926-cı il Nizamnaməsində tədris məqsədlərinə üstünlük verilirdi. Dəyişikliyin əsas məqsədi müstəqillik dövründən qalmış demokratik idarəetmə sistemini tamam məhv etməkdən ibarət idi. Nizamnamənin "Ali məktəbin idarə edilməsi" bölməsi belə bir maddə ilə başlanırdı: Azərbaycan SSR ali məktəbləri Xalq Maarif Komissarlığının sərəncamındadır. Yalnız Xalq Maarif Komissarlığı ali məktəblərin təşkilində və şəxsi heyətində dəyişiklik edə bilər. 1923-cü il Nizamnaməsinə görə, universiteti bilavasitə rektor, prorektor, fakültə dekanları idarə edirdilər. Universitetin ali idarə etmə orqanı Universitet Şurası idi. 1926-cı il Nizamnaməsinə görə ali idarəetmə orqanı Ali Məktəb Şurası adlandırıldı. Ali Məktəb Şurasına müxtəlif xalq komissarlıqlarının, təsərrüfat təşkilatlarının, professorların, müəllimlərin və başqalarının nümayəndələri daxil idi. 1926-cı il dekabrın 11-də Xalq Maarif Komissarlığının Baş Peşə Təhsili İdarəsi dekanlıqların aşağıdakı tərkibdə təsdiq edildiyi barədə ADU-ya məlumat verdi. Tibb fakültəsi: professor İ.İ.Şirokoqorov - dekan, H.İsmayılzadə - katib, Məmmədli - tələbə nümayəndəsi; Şərq fakültəsi: dosent Əziz Qubaydulin - dekan, A.S.Bukşpan - katib, Abdulov - tələbə nümayəndəsi; Pedaqoji fakültə: Cəlil Məmmədzadə - dekan, professor A.A.İşkov - ictimaiyyat-tarix şöbəsi üzrə dekan müavini, professor Vladimir Sergeyeviç Yelpatyevski - təbiyyat-riyaziyyat şöbəsi üzrə dekan müavini, Arxangelski və Plaxotnikov tələbələrin nümayəndələri.

1927/28-ci tədris ilində Ali Pedaqoji İnstitut Universitetin Pedaqoji fakültəsinin tərkibinə daxil edildi. 1929-cu ildə Şərqşünaslıq fakültəsi də Pedaqoji fakültəyə birləşdirildi. L.A.İşkov bu fakültənin ilk dekanı oldu. Bu məqamda bir tarixi faktı qeyd etmək yerinə düşərdi. Məlumdur ki, dünya şöhrətli alim Lev Davidoviç Landau 1908-ci ildə Bakıda anadan olmuş və 1922-ci ildə 14 yaşında Bakı Dövlət Universitetinin fizika-riyaziyyat və kimya fakültələrinə qəbul olmuşdu. O, ikinci kursda oxuyarkən - 1924-cü ildə təhsil aldığı fakültələr Pedaqoji fakültəyə biləşdirildiyinə görə, o,  Leninqrad Universitetinə köçürülmüşdü. Nə bilmək olar, bəlkə həmin fakültələr birləşdirilməsə idi, Landau Bakı Dövlət Universitetinin məzunu olar, bizim universitetin də məzunu Nobel mükafatı laureatı olardı.     

20-ci illərdə Universitetin zəngin kitabxanası var idi. 1925-ci ildən xarici jurnallara abunə yazılışı həyata keçirilirdi.  Həmin ildə 48 adda jurnala abunə yazıldı. Bu rəqəm ilbəil artaraq 1930-cu ildə 223-ə çatmışdı. Kitabxana fondunda həmin dövrdə 100 mindən çox kitab var idi.

İldən-ilə tələbələrin və məzunların sayı artırdı.1919/20-ci tədris ilinə 1094 tələbə ilə başlayan universitetdə 1928-1929-cu tədris ilində 1925 tələbə təhsil alırdı. Universitetin ilk buraxılışı 1922-ci ildə oldu, 29 nəfər tibb fakültəsini bitirməsi barədə diplom aldı. Məzunların sırasında Adilə Şahtaxtinskaya-Babayeva və Ceyranxanım Sultanova adlı iki azərbaycanlı qız da var idi. 1929-cu ilə qədər Universitetin 1412 məzunu olmuşdu. Onlardan 1154 nəfəri Tibb fakültəsini, 156 nəfəri Pedaqoji fakültənin tarix şöbəsini və Tarix-filologiya fakültəsini, 83 nəfəri Pedaqoji fakültənin təbiyyat və riyaziyyat bölməsini, 19 nəfər Şərqşunaslıq fakültəsini bitirmişdi. 10 il ərzində universitetin maddi texniki bazası da xeyli genişləndi, nəzdində  elmi tədqiqat institutları, klinikalar və  laboratoriyalar yaradıldı.

Azərbaycanda ictimai elmlərin inkişafında böyük rolu olan Universitet məzunlarından akademiklər Məmməd Arif Dadaşzadə, Feyzulla Qasımzadə, İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, professorlar Əhməd Seyidov, Ağamməd Abdullayev, Ədhəm Şahmalıyev, Sara Aşurbəyli, Abdulla bəy Sübhanverdixanov, xalq yazıçıları Mehdi Hüseyn və Süleyman Rəhimov, böyük dramaturq Cəfər Cabbarlı, poetik söz ustası Mikayıl Müşfiq, xalq artistləri Əfrasiyab Bədəlbəyli və Səid Rüstəmov, riyaziyyat elminin  inkişafında böyük xidmətləri olan Maqsud Cavadov universitetin 20-ci illər məzunları olmuşlar.

Universitetin tarixində ən əlamətdar hadisələrdən biri ilk azərbaycanlı rektorun - görkəmli yazıçı-alim Tağı Şahbazinin təyin edilməsi idi. O, 1926-1929-cu illərdə Universitetə rəhbərlik etmişdir. Ondan sonra qısa müddət ərzində Universitetin rektoru vəzifəsini Müseyib Şahbazov, sonra görkəmli rus alimi Vladimir Sergeyeviç Yelpatevski yerinə yetirmişdir. 1929-1930-cu illərdə Universitetin rektoru vəzifəsində Maqsud Məmmədov işləmişdir.

20-ci illərdə Universitetin prorektoru vəzifəsində V.V.Sipovski (1920-1922), M.V.Dovnar-Zapolski (1922-1923), A.D.Qulyayev (1923), Həbib bəy Şaxtaxtinski (1923-1925), S.A.Kazımov (1925-1926), A.D.Qulyayev (1926-1928) və S.L.Kolyubakin (1928-1929) işləmişlər. 

Fəaliyyətinin ilk dövrlərində Universitetin qarşısında duran əsas məsələlərdən biri milli kadr hazırlamaq və tədricən Azərbaycan dilində tədris prosesinə keçmək idi. Həmin dövrdə Universitetin müəllim heyətinin azərbaycanlı kadrlarla təmin edilməsi probleminin həlli iki yolla həyata keçirilirdi. Kənardan mütəxəssislər dəvət etmək və universitetin öz daxili imkanları hesabına mütəxəssislər hazırlamaq. 1921-ci ilin noyabrında görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev və dilçi alim Abdulla Tağızadə tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasına müəllim işləmək üçün dəvət olundular. Azərbaycanda kimya elminin əsasını qoyanlardan biri Sadıq Savad oğlu Hüseynov 1921-ci ildə Universitetə dəvət olundu. Sadıq Hüseynov 1910-cu ildə Almaniyanın Darmştat şəhərində ali texniki məktəbi bitirmişdi. O, 1929-cu ilin noyabrında kimya kafedrasının privat dosenti, 1930-cu ildə dosenti seçildi, 1939-cu ildə kimya professoru adını aldı. Sadıq Hüseynov bu ada layiq görülən ilk azərbaycanlı müəllim idi.

Həmin illərdə azərbaycanlı müəllim və tələbələrin sayı da artmağa başladı. Əgər 1919/20-ci dərs ilində Universitetdə 9 nəfər  azərbaycanlı müəllim işləyirdisə, 1926/27-ci tədris ilində onların sayı 128-ə çatmışdı. 1929/30-cu tədris ilində Tarix-filologiya fakültəsində tələbələrin 57,6%-i, Təbiyyat-riyaziyyat fakültəsində 76,3%-i, İqtisad fakultəsində 36%-i azərbaycanlı idi. 1926-cı ildə respublikanın ali məktəblərində aspirantura şöbəsi yaradıldı. Həmin il Universitetin 35 aspirantı var idi.

Universitetdə üç fakültə: Tibb; Pedaqoji (təbiyyat-riyaziyyat, ictimaiyyət-tarix, dil və maddi mədəniyyət şöbələri ilə); Hüquq fakültələri fəaliyyət göstərirdi. 1929/30-cu tədris ilində universitetin yüksək ixtisaslı professor-müəllim heyətinin sayı 1919/20-ci tədris ilinə nisbətən yeddi dəfə artaraq 311 nəfərə çatmışdı. Universitetin tələbələrinə 51 professor, 30 dosent və privat-dosent dərs keçirdi. 70-ə yaxın elmi işçinin və ordinatorların əksəriyyətini azərbaycanlı  universitet məzunları təşkil edirdilər. 1919/20-ci tədris ilində universitetdə 1094 nəfər tələbə təhsil alırdı və onların 294 nəfəri azərbaycanlı idi, onların arasında bir nəfər də azərbaycanlı qız yox idi, 1929/30-cu dərs ilində təhsil alanların sayı 2400-ə çatdı, onlardan 1200-ü azərbaycanlı idi, onların da sırasında 300 nəfərdən çoxu azərbaycanlı qızlar idi.

1930-cu il fevralın 25-də Azərbaycan SSR Xalq Komissarları Soveti ali məktəblər haqqında Xalq Maarif Komissarlığı tərəfindən təklif olunan yeni Nizamnaməni təsdiq etdi. Bu Nizamnamədə tədrisin türk dilində (Azərbaycan - M.M.) keçirilməsi üçün tədbirlərin həyata keçirilməsi, hər bir ali məktəbin tərkibində fəhlə fakültəsinin yaradılması, ali məktəblərdə elmi tədqiqat institutlarının yaradılması nəzərdə tutulurdu. Nizamnamə Ali məktəb rəhbərinə geniş hüquqlar: ali məktəbin bütün orqanlarının qərarlarını ləğv etmək və ya dəyişdirmək, elmi tədqiqat institutlarının direktorlarını, fakültə dekanlarını, professor və dosent vəzifələrinə namizədləri müvafiq baş idarənin təsdiqinə təqdim etmək, ali məktəbə xidmət edən digər şəxsləri müvafiq vəzifələrə təyin etmək və vəzifədən azad etmək verilmişdi. Yeni Nizamnaməyə görə direktorun dərs hissəsi üzrə, inzibati-təsərrüfat-maliyyə hissəsi üzrə və tələbə məsələləri üzrə köməkçiləri olmalı idi. Nizamnamələrin tez-tez dəyişdirilməsi (1919, 1920, 1922, 1923, 1926, 1930-cu illərdə) Universitet həyatının ahəngdar inkişafına mane olurdu.

Beləliklə, Universitetin fəaliyyətinin ilk  onilliyində bir sıra təxirəsalınmaz məsələlər öz həllini tapdı. 1929-cu ilin payızında Respublika rəhbərliyi universitetin 10 illiyini geniş qeyd etmək qərarına gəldi. Ötən 10 il ərzində universitet çətin və mürəkkəb yol keçsə də, xeyli inkişaf etmişdi. Xalq Komissarları Şurasının qərarı ilə mərkəzi yubiley komissiyası yaradılmışdı. Şuranın sədri Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının sədri Qəzənfər Musabəyov idi. 1929-cu ilin yanvarında universitetdə işçi yubiley komissiyası yaradılmışdı. Komissiyaya universitetin rektoru Tağı Şahbazi rəhbərlik edir, professorlar A.O.Mişel, V.S.Yelpatevski, Ə.C.Qubaydulin və həkim M.Hüseynov ona kömək edirdilər. Ölkənin böyük müəssisə və təşkilatlarında, Bakıda və digər şəhərlərdə mərkəzi yubiley komissiyası üzvlərinin iştirakı ilə iri miqyaslı tədbirlər keçirilir, həmin tədbirlərdə əsas yubiley tədbirinə nümayəndələr seçilirdi. 1930-cu il yanvarın 14-də Bakı Opera Teatrının binasında Universitetin 10 illiyinə həsr olunmuş tədbir keçirildi. Onda universitetin rektoru  Maqsud Məmmədov idi. Onun "Kommunist" qəzetinin 12 yanvar 1930-cu il sayında Universitetin 10 illiyinə həsr olunmuş məqaləsi nəşr edilmişdi. Yubiley iclasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının sədri Qəzənfər Musabəyov, Azərbaycan KP MK-nın katibi Ruhulla Axundov, xalq maarif komissarı Ağa Sultanov, partiya, həmkarlar və tələbə təşkilatlarının nümayəndələri iştirak edirdilər. Qəzənfər Musabəyov öz çıxışında universitet kollektivini hökumət adından təbrik etdi və iştirakçıların nəzərinə çatdırdi ki, hökumət yaxın gələcəkdə Bakı şəhərində xüsusi Universitet şəhərciyinin yaradılması ilə bağlı qəti qərar qəbul etmişdir. O, eyni zamanda, universitet müəllimlərindən Mustafa bəy Topçubaşovun, A.Perelmanın, Q.Stolyarovun, H.Şahtaxtınskinin, F.Rzabəyovun, V.Aslanzadənin və Mirəsədulla Mirqasımovun professor elmi adına, bir neçə əməkdaşın dosent adına layiq görüldüyünü, universitetin professorları N.Q.Uşinskiyə, A.O.Makovelskiyə və A.D.Qulyayevə hökümətin qərarı ilə "Əməkdar elm xadimi" fəxri adının verildiyini qeyd etdi. Hökumət eyni zamanda, Universitetin 10 əməkdaşına mənzil verdi, 1000 yerlik tələbə yataqxanasının tikintisi üçün 500 min  manat ayırdı. Tədbirdə xalq maarif komissarı Ağa Sultanov rus dilində, onun müavini Ayna Sultanova Azərbaycan dilində çıxış etdilər. Universitetin yubileyi ilə əlaqədar olaraq SSRİ-nin və xarici ölkələrin tanınmış elm və təhsil işçilərindən, dövlət və hökumət nümayəndələrindən xeyli təbrik məktubları gəlmişdi.

Azərbaycanda elmin və təhsilin inkişafında müstəsna xidmətləri olan ilk Universitetin yubileyi çox yüksək səviyyədə keçirildi, görülən işlər ümumiləşdirildi, perspektivlər müəyyənləşdirildi... Onda heç kimin ağlına belə gəlməzdi ki, bir neçə aydan sonra Azərbaycan Dövlət Universiteti ləğv olunacaq, onun müvafiq fakültələrinin bazasında yeni institutlar yaradılacaq.

Misir Mərdanov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

525-ci qəzet

  • Paylaş: