www.science.az
23.09.2019 14:46

Azərbaycanlı alimlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş konfransında iştirak ediblər

16-20 sentyabr 2019-cu il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 63-cü sessiyasının baş konfransı keçirilib.

Tədbirdə ölkəmizi AR Fövqəladə Hallar, Xarici İşlər, Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və Biofizika İnstitutunun direktoru v.i.e, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov təmsil ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə AEBA ilə ölkəmiz arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti türkiyəli həmkarları və AEBA-nın Texniki Əməkdaşlıq, Nüvə və Radiasiya Təhlükəsizliyi və Təminatlar departamentlərində görüşlər keçirib.

Baş konfrans zamanı AEBA-nın Nüvə Təhlükəsizliyi Departamenti ilə Radiasiya Problemləri İnstitutu arasında təlim-tədris sahələrini əhatə edəcək əməkdaşlığın yaradılmasına dair ilkin razılıq əldə edilib.

Bundan əlavə, səfər zamanı O.Qasımov “Xərçənglə mübarizədə on illik fəaliyyət və irəliyə yol” başlıqlı elmi foruma qatılaraq müzakirələrdə iştirak edib. O, AEBA-nın radiasiya biologiyası üzrə mütəxəssisləri Oleq Belyakov və Kamal Əkbərovla görüşərək gələcəkdə bu istiqamətdə müştərək elmi tədqiqat işlərinin aparılmasına dair səmərəli müzakirələr aparıb.

Qeyd edək ki, sessiya AEBA-nın 170-dən çox üzv ölkəsindən yüksək səviyyəli nümayəndə heyətini bir araya gətirərək nüvə, radiasiya təhlükəsizliyi və nüvə enerjisinin sülh üzrə tətbiq olunmasını təşviq edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.