www.science.az
06.11.2013 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

Tədbirdə institutun Elmi şurasının üzvləri və gənc əməkdaşları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan institutun direktoru, a.e.ü.e.d. Zeynal Əkpərovmüəssisənin elmi fəaliyyəti haqqında ətraflı məlumat verdi.
İnstitutda gənc kadrlara xüsusi önəm verildiyini söyləyən Z.Əkpərov institut əməkdaşlarının orta yaş həddinin 50 olduğunu qeyd etdi və bildirdi ki, biz gənclərin elmə cəlb olunması sahəsində mühüm işlər həyata keçiririk. Son illərdə instituta 60-a yaxın gənc cəlb olunmuşdur. O bildirdi ki, 17 oktyabr 2013-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Gənc Alim və Mütəxəssislər Şurasının təsis olunması” haqqında sərəncamına əsasən institutda Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması gənclər sahəsində görülən işlərə daha da kömək edəcək və gənclərin beynəlxalq elmi mərkəzlərə inteqrasiyasına kömək edəcəkdir.
Tədbirdə 15 nəfər namizəd səsvermə yolu ilə şuraya üzv seçildilər. İnstitutun doktorantı Məhəmməd Eldarov yeni yaradılmış şuraya sədr seçildi. AMEA Gənc Alim və Mütəxəssislər Şurasına üzv olmaq üçün isə institutdan 3 namizəd irəli sürüldü. Tədbirdə biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov 2006-cı ildə institutda yaradılmış Gənc Alimlər Şurasının fəailiyyəti haqqında qısa hesabatı təqdim etdi. M.Abbasov Gənc Alimlər Şurasının əsas fəaliyyəti institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünya elminə inteqrasiyası, biologiya və aqrar elmlər üzrə yeni elm sahələrinin Azərbaycanda inkişaf etdirilməsi, müasir metodika və texnologiyaların instituta gətirilməsi, beynəlxalq məqalələrin dərc olunması, həmçinin bacarıqlı və istedadlı gənclərin elmə cəlb edilməsi istiqamətlərində həyata keçirilən işlərdə institut rəhbərliyinə köməklik göstərməkdən ibarət olduğunu qeyd etdi. Bildirdi ki, institutda çalışan gənclərin böyük əksəriyyəti xarici dilləri bilməklə yanaşı, beynəlxalq proqramlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırlar. O, qeyd etdi ki, gənclərin fəaliyyəti sayəsində respublikamızın 3 beynəlxalq proqramda ilk dəfə iştirakı təmin edilmişdir. Son 5 il ərzində institutun gənc kadrlarından 12 nəfəri beynəlxalq proqramların iştirakçısı olub və onların əksəriyyəti tədqiqat işlərini tamamlayaraq instituta qayıtmışlar. Hazırda isə 5 nəfər gənc tədqiqatçı Erasmus Mundus və Norman Borlauq proqramları çərçivələrində ABŞ-ın Vaşinqton Dövlət Universitetində, Almaniyanın Gottingen Universitetində, Estoniyanın Tallin Dövlət Universitetində və Polşanın Həyat Elmləri Universitetində tədqiqat işi aparırlar. M.Abbasov məlumat verdi ki, gənclər fəaliyyətlərində əsas diqqəti beynəlxalq məqalələrin dərc etdirilməsinə verirlər və son illərdə institut gənclərinin birbaşa iştirakı ilə 30-dan artıq beynəlxalq məqalə dərc olunmuşdur ki, onlara olan istinadların sayı 100-ə yaxındır.

Sonda institutun direktoru Gənc Alim və Mütəxəssislər Şuranın yaradılması münasibətilə iştirakçıları təbrik etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.