Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib
20.09.2019 11:09
  • A-
  • A
  • A+

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib

Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirakçılara İmadəddin Nəsiminin ömür yolu və bənzərsiz yaradıcılığı barədə məlumat verib.

Azərbaycanın dünya musiqisinə böyük töhfə verdiyini deyən səfir müsəlman dünyasında ilk operanın, o cümlədən ilk balet musiqisinin Azərbaycanda ərsəyə gəldiyini nəzərə çatdırıb. O, rəngarəngliyi ilə seçilən Azərbaycan musiqi məktəbinin ənənəviliklə yanaşı, müasir formaları da özündə ehtiva etdiyini vurğulayıb.

Tədbirdə Ramin Həsənov Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü  Firəngiz Əlizadənin yaradıcılığından da söz açaraq, onun 2008-ci ildə UNESKO-nun “Sülh artisti” adına layiq görüldüyünü bildirib. Azərbaycan mədəniyyətinin xaricdə tərənnüm edilməsində F.Əlizadənin böyük xidmətləri olduğunu deyən səfir bəstəkarın Nəsiminin əsərləri əsasında ərsəyə gətirdiyi “Dərviş”, “Zikr”, “Nəsimi Passionu” kimi əsərlərinin əhəmiyyətini qeyd edib. 

Sonra konsert açıq elan edilib.

Konsertdə F.Əlizadə ilə yanaşı, digər Azərbaycan bəstəkarlarının – Cəlal Abbasov, Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Mərasimdə Almaniyadakı elmi və mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, İmadəddin Nəsimiyə həsr olunmuş konsert 3 gün davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: