Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.09.2019 16:27
  • A-
  • A
  • A+

Şamaxıda “Ulduzlar və planetlər fizikası” mövzusunda beynəlxalq konfrans keçirilir

Şamaxıda “Ulduzlar və planetlər fizikası” mövzusunda beynəlxalq konfrans keçirilir

Sentyabr ayının 16-da AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) bu qurumun 60 illik və Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar “Ulduzlar və planetlər fizikası” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstandan nüfuzlu alimlər iştirak edirlər.

Konfransın keçirilməsində məqsəd rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyası, yeni yaradıcılıq əlaqələrinin qurulması və beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq rəhbərlik etdiyi qurumun 60 ildə keçdiyi uğurlu inkişaf yolu, əldə olunan elmi nailiyyətlər və gələcək planlar barədə məruzə ilə çıxış edib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin ŞAR-ın 60 illik yubileyi ilə bağlı konfrans iştirakçılarına müraciətini səsləndirib. Müraciətdə qeyd edilib ki, yarım əsrdən çox tarixi olan rəsədxanada ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yenidənqurma işləri aparılıb, ŞAR-ın infrastrukturu tam yenilənib, cihazları modernləşdirilib. Vurğulanıb ki, rəsədxana hazırda inkişafının ən yüksək pilləsini yaşayır və ŞAR əməkdaşlarının qatıldığı beynəlxalq layihələr, qazandıqları qrantlar bunun əyani göstəricisidir.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov da öz növbəsində beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib, rəsədxana əməkdaşlarının son illərdə qazandıqları Avropa Birliyinin "FP7" və "HORİZON 2020" qrantlarını xatırladıb.

Konfransda, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Rusiya Elmlər Akademiyasının akademiki, Kazan Universitetinin professoru Nail Saxibulin və digərləri çıxış edərək yubiley münasibətilə ŞAR-ın kollektivini təbrik edib, tədbirin rəsədxananın beynəlxalq əlaqələrinin inkişafına təkan verəcəyini söyləyiblər.

Qeyd edək ki, konfrans sentyabrın 20-dək davam edəcək və bu müddət ərzində kainat və onun struktur elementlərinin (qalaktikalar, ulduzlar, planetlər) fizikası sahəsində əldə olunmuş son elmi nailiyətlərin müzakirəsi aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: