www.science.az
12.09.2014 00:00

AMEA-da Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

AMEA prezidenti, akademik Akif Əlizadə Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zohir Saidov ilə görüşüb. O, qonağı salamlayaraq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu qeyd edib. AMEA prezidenti bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Görüşdə bu ilin sentyabrında səfirliyin və AMEA-nın birgə təşkilatçılığı ilə dahi fars-tacik şairi, mütəfəkkir və filosof Ə.Caminin 600 illik yubileyinə həsr olunmuş “Əbdürrəhman Cami və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq konfransla bağlı müzakirələr aparılıb. Həmçinin yaxın zamanlarda Tacikistan Elmlər Akademiyası ilə AMEA arasında elmi əməkdaşlığa dair sazişin imzalanacağı bildirilib.

Görüşdə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və səfirliyin birinci katibi Səlimi Xatloni də iştirak ediblər.

AMEA ilə əməkdaşlığa böyük önəm verdiyini söyləyən səfir qeyd edib ki, görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da uğurlu davamına zəmin yaradacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.