www.science.az
22.08.2019 09:29

Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq

Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada açıq havada kurqanlardan ibarət arxeoparkın yaradılması üçün əlverişli şəraitin olduğu aydınlaşıb.

Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətində CAMNES elmi tədqiqat mərkəzi və İtaliyanın Kataniya Universitetinin professoru Nikola Lanerlə görüş keçirilib.

Görüşdə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov və Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəhbəri. t.ü.f.d. Bəxtiyar Cəlilovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin qədim tarixə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu cür unikal arxeoparkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq, həmçinin Gəncə və ətraf bölgələrə turizm axınını sürətləndirəcək. O, bu işdə Gəncə Şəhər İcra Hakimiyyətinin öz dəstəyini əsirgəməyəcəyini bildirib.

Danışıqlar zamanı Gəncə şəhərində fəaliyyət göstərən universitetlərlə “Erasmus” layihəsi çərçivəsində şərabçılığın və turizmin təbliğatı ilə bağlı elmi mübadilə məsələləri də müzakirə edilib.

Sonda açıq səma altında arxeoloji muzeyin şüşə örtüklə sərgisinin yaradılması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.