Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının təqdimatı keçirildi
10.09.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının təqdimatı keçirildi

Bu gün AMEA-nın Əsas binasında AMEA Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının təqdimatı və müzakirəsi keçirildi.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru, Elmi Şuranın sədri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Moskva şəhərində rus dilində çap olunmuş kitabda Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin araşdırıldığını diqqətə çatdırdı. Bildirdi ki, müəllif ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Onun sözlərinə görə, əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində məqsədyönlü şəkildə törədilən süni maneələrə də münasibət bildirilir.

Y.Mahmudov həmçinin qeyd etdi ki, monoqrafiyada Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılmışdır: “Görkəmli alim bir vətəndaş tədqiqatçı olaraq müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti bütün incəlikləri və tarixi kökləri ilə araşdırmağı qarşısına məqsəd qoymuşdur”.

Sonra çıxış edən institutun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov monoqrafiyada ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən köçürülməsi faktının sübut olunmaqla yanaşı, ermənilərin Asiya qitəsinin yerli əhalisi olmadığı, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyinin öz əksini tapdığını vurğuladı. Bildirdi ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri və onların qarışığından yaranmışdır.

Müzakirələrdə millət vəkili Fəzail İbrahimli, tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə, institutun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli, institutun elmi işçisi Allahverdi Əlimirzəyev və digərləri çıxış edərək kitabı elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələr baxımından Azərbaycan elminin böyük nailiyyəti adlandırdılar.

İclasın sonunda kitabın dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə yayılması yekdilliklə qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: