Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.07.2019 12:30
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli 2014-cü ildən etibarən keçirilən fizika-lirika konfranslarının ictimaiyyətdə əks-səda doğurduğunu qeyd edib. Akademik deyib: “Artıq xarici ölkələrin də bu konfransa marağı yaranıb, onlarla əməkdaşlıq edirik. Ötən il Dubnada konfrans keçirmişik. Bugünkü tədbirdə Dubnadan qonağımız var”.

Mövzunun aktuallığını vurğulayan İsa Həbibbəyli tədbirin fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edib, ədəbiyyatın bir sıra elmlərlə vəhdətindən danışıb. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirib. Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatlar aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm də fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını deyib. Bildirib ki, artıq altıncı dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm də bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək AMEA-nın belə bir təşəbbüsü gerçəkləşdirməsini təqdirəlayiq hal kimi yüksək qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.

AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, fiziklərin belə tədbirlərə qatılması elmlərin bir-birinə inteqrasiyasının müasir təzahürünə nümunədir.

Tədbirdə, həmçinin Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı “Riyaziyyat və lirika” və Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun Mədəniyyət Evinin direktor müavini Lyubov Oreloviç “Fizika və lirika canlı muzeyi: Dubna” adlı məruzələrlə çıxış ediblər.

Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından professorlar Məmməd Əliyevin “Dədə Qorqud” dastanında intellektual şeir”, Tahirə Məmmədin “Ədəbiyyatda texnologiyanın bədii-estetik ifadəsi” və filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəylinin “Xalq şairi Rəsul Rzanın intellektual poeziyası” mövzusunda məruzələri dinlənilib.

Konfransda Mərziyyə Səlahəddinin sözlərinə yazılmış mahnı ifa olunub. AzTV-nin solisti Bəsti Qasımovanın ifa etdiyi mahnını gitarada Nihat Rzayev müşayiət edib. Konfrans digər ziyalıların çıxışları və şeirlərin səsləndirilməsi ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: