Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tibb sahəsində yüksək elmi nəticələrin əldə olunması üçün multidissiplinar biliklərə malik mütəxəssislərə ehtiyac vardır
09.07.2019 18:14
  • A-
  • A
  • A+

Tibb sahəsində yüksək elmi nəticələrin əldə olunması üçün multidissiplinar biliklərə malik mütəxəssislərə ehtiyac vardır

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclasında AMEA-nın müxbir üzvü Oktay Qasımovun “Ağ ciyər karsinoması və neyrodegenerativ amiloid xəstəliklərinin multidistiplinar tədqiqi: nəticələr, proqnozlar və gələcək istiqamətlər” adlı məruzəsi ilə bağlı fikirlərini bölüşüb.

Alim məruzənin aktuallığını önə çəkərək bu istiqamətdə aparılan araşdırmalarda iştirakı olan alimlərə minnətdarlığını bildirib. Qeyd edib ki, həyata keçirilən tədqiqatlar və əldə olunan nəticələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında öz əskini tapması bu sahədə ciddi elmi nailiyyətlərin əldə olunduğunu təsdiq edir.

Son dövrlərdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Akademiyada multidissiplinar tədqiqatların geniş vüsət aldığını qeyd edərək bu məruzənin də dünya tibb elminin tələblərinə cavab verdiyini, özündə bir neçə elm sahəsini birləşdirdiyini diqqətə çatdırıb.

R.Əliquliyev 2018-ci ildə keçirilmiş AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının birgə elmi sessiyasını xatırladıb: “Həmin iclasda müvafiq sahənin alim və mütəxəssislərinin biotibb, molekulyar tibb, molekulyar biologiya və digər istiqamətlərdə birgə fəaliyyət göstərmələrinə dair çağırışlar edilmişdi. Bu gün AMEA-nın bir neçə institutu, Milli Onkologiya Mərkəzi və səhiyyə sisteminə aid olan digər qurumların ortaq fəaliyyətinin nəticəsi olan məruzə həmin çağırışların müsbət nəticə verdiyini sübut edir”.

Tədqiqat zamanı süni intellekt texnologiyalarının tətbiqini yüksək qiymətləndirən akademik tibb elminin inkişafında dəqiq elmlərin böyük rola malik olduğunu deyib. Qeyd edib ki, tibb sahəsində daha ciddi, yüksək elmi nəticələrin əldə olunması üçün bir neçə elm sahələrini birləşdirən, multidissiplinar biliklərə malik mütəxəssislərə böyük ehtiyac vardır.

Akademik R.Əliquliyev, həmçinin aparılan tədqiqatlarda kompüter texnologiyaları, dərin təlim metodları, süni neyron şəbəkələrindən istifadə ilə bağlı dünya təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: