www.science.az
08.07.2019 17:02

Şərqşünaslıq İnstitutunda ümummilli liderin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunub

AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə institutun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək ulu öndərin Azərbaycan xalqının taleyində böyük rol oynadığını bildirib. Qeyd edib ki, H.Əliyev Azərbaycan SSR KP MK-nın birinci katibi seçiləndən dərhal sonra qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirib, milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib. Akademik, həmçinin ümummilli liderin respublikanın sosial-iqtisadi və mədəni inkişafı, ittifaq miqyasında nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən danışıb. Ötən əsrin 70-80-ci illərini Azərbaycanın sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi səciyyələndirən G.Baxşəliyeva həmin dövrdə kənd təsərrüfatının, sənayenin dinamik inkişaf etdiyini, geniş sosial-mədəni quruculuq proqramının həyata keçirildiyini, elmi-texniki və mədəni potensialın gücləndirildiyini söyləyib. O, Heydər Əliyevin 1982 ildə Sov. İKP MK Siyasi Bürosuna üzv və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsindən sonra bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdiyini vurğulayıb.

1993-cü ildə xalqın təkidilə ulu öndərin yenidən Azərbaycan rəhbərliyinə qayıtdığını deyən akademik qısa müddətdə ölkədə ictimai asayişin bərpa olunduğunu, iqtisadi inkişaf yolunun seçildiyini bildirib.

G.Baxşəliyeva müdrik rəhbər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı - Prezident İlham Əliyevin onun ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə apardığını deyib.

Tədbirdə, həmçinin fil.ü.f.d. Lalə Bayramova, fəl.ü.f.d. Esmeralda Həsənova, i.ü.e.d. Dünyamalı Vəliyev, t.ü.f.d. Bəşarət Bəşirova və digərləri çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı rolundan, apardığı quruculuq işlərindən, elmə, təhsilə, mədəniyyətə diqqət göstərməsindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.