Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ərazinin su balansı və rütubətlənmə şəraitinin yeni metodlarla qiymətləndirilməsi” monoqrafiyası işıq üzü görüb
04.07.2019 12:48
  • A-
  • A
  • A+

“Ərazinin su balansı və rütubətlənmə şəraitinin yeni metodlarla qiymətləndirilməsi” monoqrafiyası işıq üzü görüb

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Mövlud Teymurovun “Ərazinin su balansı və rütubətlənmə şəraitinin yeni metodlarla qiymətləndirilməsi” adlı monoqrafiyası nəşr olunub.

Vəsaitin elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovdur.

Müəllif əsərdə ərazinin su balansını hesablamaq məqsədilə yeni Sintez Su Balansı Metodu (SWBM) təklif edib. Ən müasir və innovativ tədqiqat üsullarından istifadə edən M.Teymurov su balansını yeni elmi yanaşmada, ilk dəfə olaraq torpaq-su münasibətlərini vahid mexanizm şəklində qəbul edərək və balansa tamamilə fərqli komponentlər daxil etməklə qiymətləndirib. Yeni metodun əsas konsepsiyası ondan ibarətdir ki, müşahidə məlumatları olmadan və zaman-məkan məhdudiyyəti qoyulmadan təkcə ərazinin peyk təsviri əsasında yüksək dəqiqliklə və operativ şəkildə hesablamaları yerinə yetirmək mümkün olur. Bununla da müəllif dünyada mövcud olan vacib elmi təcrübənin respublikamızda ilk dəfə tətbiqinə nail olub və yerli xüsusiyyətləri nəzərə almaqla onu yeni cəhətlərlə zənginləşdirib.

Su balansı nəzəri əsaslarla öyrənilməklə yanaşı, praktik məzmunda da şərh olunub, hər tədqiqat sahəsinə aid hesablama nümunələri verilib. Kitabda, həmçinin çayın yeraltı qidalanma payının, axım formalaşdıra bilən konkret yağıntı miqdarının, torpaqların sututumu və bitkilərin suvarma normasının hesablanması üçün təkliflər də yer alıb.

Monoqrafiya hidrometeorologiya, coğrafiya, su təsərrüfatı, ekologiya, torpaqşünaslıq və digər ixtisaslar üzrə mütəxəssislər və təhsil alanlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: