Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.07.2019 12:06
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbənin iclasında Azərbaycanda ordu quruculuğundan danışılıb

İkinci xüsusi şöbənin iclasında Azərbaycanda ordu quruculuğundan danışılıb

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci ildönümünə həsr olunan seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri və akademiyanın Tədbirlər Planına əsasən təşkil olunduğunu diqqətə çatdırıb.

Seminarın mövzusuna toxunan E.Quliyev 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən formalaşdırılan Milli Ordumuzun qısa müddətdə bir çox uğurlara imza atdığını, əhalini erməni-bolşevik qırğınlarından qoruduğunu, Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusu ilə birgə şücaət göstərdiyini söyləyib. Qeyd edib ki, əsası 101-il öncə qoyulan Azərbaycan Silahlı Qüvvələri bu gün ən modern silahlarla təmin olunub və hər zaman ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü qorumağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Sonra Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov 26 İyun - Azərbaycan Respublikasında Milli Ordunun yaradılmasının 101-ci ildönümü münasibətilə çıxış edib. Qeyd edib ki, 1918-ci ilin əvvəllərindən başlayaraq erməni birləşmələri bolşeviklərin dəstəyi ilə yaranmış gərgin vəziyyətdən istifadə edərək Bakı, Quba, Zəngəzur, Qarabağ, Naxçıvan, Şamaxı və digər rayonlarda qırğınlar törədib, 700 mindən çox soydaşımızı amansızcasına qətlə yetiriblər. O, belə şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin əsas vəzifələrindən birinin ölkənin ərazi bütövlüyünü, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq olduğunu söyləyib. Alimin sözlərinə görə, 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu AXC hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu adlandırılıb və beləliklə Milli Ordumuzun əsası qoyulub.

Ordu quruculuğunun formalaşdırılması üçün Hərbi Nazirliyin təsis edildiyini və general Səməd bəy Mehmandarovun nazir, general-leytenant Əliağa Şıxlinskinin isə nazir müavini təyin olunduğunu deyən C.Bəhramov Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından xilas etdiyini bildirib. Alim Azərbaycan ordusunun ilk illərində Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi görkəmli generallara sahib olduğunu diqqətə çatdırıb.

C.Bəhramov AXC-nin süqutu ilə Hərbi Nazirliyin ləğv olunduğunu, Azərbaycan ordusunun 21 generalından 15-nin bolşeviklər tərəfindən güllələndiyini vurğulayıb.

Ordumuzun İkinci Dünya Müharibəsi dövrünə də toxunan alim Azərbaycandan 700 min nəfərdən çox insanın hərbi xidmətə çağırıldığını, soydaşlarımızın ön cəbhədə, eləcə də partizan döyüşlərində aktiv vuruşduğunu, onlardan 43 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü deyib. O, həmçinin hələ SSRİ dövründə ölkəmizin ordu quruculuğu və peşəkar zabitlərin hazırlanmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu, ümummilli liderin böyük səyləri nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradıldığını söyləyib.

Alim ulu öndərin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunduğunu diqqətə çatdırıb.

Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində mühüm addımların atıldığını, peşəkar kadrların yetişdirildiyini deyən alim Silahlı Qüvvələrimizin ən müasir silahlarla təchiz edildiyini, hərbi qüdrətinə görə dünya ölkələri sırasında 52-ci yerdə qərarlaşdığını bildirib.

Çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Daha sonra iclasda iyun ayında keçirilmiş Rəhbər Heyətin və Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: