Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Lənkəranda “Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişaf potensialı” mövzusunda tədbir keçirilib
02.07.2019 10:05
  • A-
  • A
  • A+

Lənkəranda “Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişaf potensialı” mövzusunda tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (MÇETİ), Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (LRAEİMM) və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) təşkilatçılığı ilə “Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişaf potensialı” mövzususunda elmi-praktik seminar keçirilib. 

Seminarı LRAEİMM-nin direktoru Teyyub Rzayev açaraq tədbirin məqsədi barədə iştirakçılara məlumat verib.

Sonra MÇETİ-nin direktoru İlham Qurbanov ölkəmizdə aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” haqqında danışıb.

Tədbirdə, həmçinin MÇETİ-nin direktor müavini Vahid Əliyevin “Azərbaycanda çayçılığın mövcud vəziyyəti”, həmin qurumun doktorantı Cahani Nüsrətzadənin “Çay plantasiyalarının salınması texnologiyası”, aparıcı elmi işçi Fərman Abdullayevin “Modern çay tinglərinin yetişdirmə texnologiyası” və laboratoriya müdiri Faiq Əliyevin “Çay və sitrus bitkilərinin əsas zərərvericiləri və xəstəlikləri” mövzusunda çıxışları dinlənilib.

Seminar iştirakçıları daha sonra MÇETİ-nin Lənkəran çay filialında AMEA LREM-nin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevin yeni çay sortlarının yetişdirilməsi üzrə təcrübə sahəsinə baxış keçiriblər. Qonaqlarla görüşdə F.Quliyev daha məhsuldar çay sortlarının yetişdirilməsi üçün görülən işlərdən, əldə edilən müsbət nəticələrdən danışıb. Bildirib ki, “Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” istiqamətində tədqiqat işləri aparılıb. O, tədqiqatlar zamanı çay bitkisinin 50-dan çox sort və formasının toplanaraq müqayisəli sınaqdan keçirildiyini və aparılan təcrüblər nəticəsində 4 yeni çay sortunun əldə olunduğunu diqqətə çatdırıb: “Yeni yaradılmış sortların əvvəllər rayonlaşmış çay sortu “Azərbaycan-2” ilə müqayisəsi aparılıb, kolların həcmi, budaqlanma dərəcəsi, yarpaqların buğumarası məsafəsi, fleşlərin kütləsi, kolların zoğvermə intensivliyi haqqında məlumatlar toplanıb. Gələcəkdə bu perspektiv sortların çoxaldılaraq fermer təsərrüfatlarında yeni salınacaq çay plantasiyalarının təmin olunmasında istifadəsi nəzərdə tutulur”.

Professor əlavə edib ki, ölkədə mövcud olan çay plantasiyalarında çay kolları məhsuldarlıqlarına, yarpaq keyfiyyətinə, zoğvermə intensivliyinə, vegetasiya müddətinin uzunluğuna, budaqlanma xarakterinə, generativ fəaliyyətinə, quraqlığa və soyuğa davamlılığına və ən nəhayət istehsal edilmiş quru çayın keyfiyyətinə görə bir-birindən xeyli dərəcədə fərqlənirlər. Onun sözlərinə görə, klon seleksiyası üsulu ilə əldə olunan yüksək məhsuldar və keyfiyyətli çayın yeni forma-klonları respublikada çayçılığın müasir elmi əsaslar üzərində inkşaf etdirilməsi işində mühüm rol oynaya bilər.

Professor daha məhsuldar, quraqlığa və izafi soyuğa davamlı çay sortlarının alınması üçün işlərin davam etdirildiyini qonaqların nəzərinə çatdırıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma ofisinin nümayəndəsi Stanislav Prixodko görülən işlərdən məmnun qaldığını bildirib, gələcəkdə Azərbaycanla bu sahədə əməkdaşlıq layihələrinin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: