www.science.az
01.07.2019 17:24

"Anar - 80...Şəxsiyyətin tarixi" kitabının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Anar - 80...Şəxsiyyətin tarixi" kitabının təqdimatı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq "altmışıncılar" ədəbi nəslinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olduğunu söyləyib. Qeyd edib ki, XX əsrin 70-80-ci illərində ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına xidmətə istiqamətləndirilməsində Anarın özünəməxsus rolu var.

Akademik xalq yazıçısının “Molla Nəsrəddin” ədəbi məktəbinin böyük ənənələrini yenidən ədəbiyyatda canlandırmağa nail olduğunu, milli ədəbi fikri yeni ideyalar və yaddaqalan obrazlarla daha da zənginləşdirdiyini vurğulayıb.

Tədqimatı keçirilən kitab haqqında fikirlərini bölüşən İ.Həbibbəyli yeni nəşrdə Anarın 80 illik yubileyi ilə bağlı ədəbiyyatşünaslar, yazıçılar, elm adamları tərəfindən yazılmış məqalələrin toplandığını, müsahibələrin, təbrik məktublarının yer aldığını söyləyib, vəsaitin Anarşünas tədqiqatçılar üçün önəmli mənbə olduğunu bildirib.

Sonra kitabı tərtib edən və "Ön söz"ün müəllifi Gülxani Pənah, nəşrin elmi redaktoru, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Xalq şairi Nəriman Həsənzadə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və digərləri çıxış edərək yazıçı ilə bağlı xatirələrini bölüşüb, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.