Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.06.2019 09:49
  • A-
  • A
  • A+

“Azərbaycan türkologiyasının bayraqdarı - Fərhad Zeynalov” mövzusunda seminar keçirilib

“Azərbaycan türkologiyasının bayraqdarı - Fərhad Zeynalov” mövzusunda seminar keçirilib

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının nəzdində “Azərbaycan türkologiyasının bayraqdarı - Fərhad Zeynalov” adlı növbəti seminar keçirilib. “Türkologiya” jurnalının elmi seminarlar silsiləsinin davam olan bu tədbir görkəmli türkoloq alim Fərhad Zeynalovun anadan olmasının 90 illiyinə həsr edilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən seminara “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdullayev moderatorluq edib.

O, seminarın əsas məqsədinin türkologiya elminin nailiyyətlərini və problemlərini türkoloq alimlərin birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin görkəmli sələf və xələfləri, onların elmi irsi ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına kömək etmək olduğunu bildirib. Fərhad Zeynalovun Azərbaycan türkologiya elminin bayraqdarı olduğunu vurğulayan K.Abdullayev qeyd edib ki, o, Azərbaycanda türkoloji araşdırmaların canlanmasında, ölkəmizin sovet məkanında türkoloji mərkəzə çevrilməsində mühüm rol oynayıb, elmi fəaliyyəti ilə “Türkologiya” jurnalının məhz Bakıda çap edilməsinə zəmin hazırlayıb. 

Sonra çıxış edən Fərhad Zeynalovun tələbəsi, Bakı Dövlət Universitetinin professoru Məmmədəli Qıpçaq onun yetişməsində böyük əməyi olan müəllimi ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Fərhad Zeynalov türkoloji araşdırmalara imkan verilmədiyi bir dövrdə türkologiya kafedrasını qurmaqla, türkoloji sahədə tədqiqatlara böyük əmək sərf etməklə, bu sahəyə gənc tədqiqatçıları cəlb etməklə Azərbaycan türkologiyasına misilsiz töhfələr verib. M.Qıpçaq Fərhad Zeynalovun tədqiqatlarının və əsərlərinin bu gün də türkologiya elmi üçün aktuallıq kəsb etdiyini söyləyib.

“Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışında Fərhad Zeynalovun türkologiya elminə verdiyi dəyərli əsərlərinin bu gün də dünyanın müxtəlif türkoloji mərkəzlərində maraqla oxunduğunu, türkologiya sahəsindəki tədqiqatlara yol açdığını vurğulayıb. 

Seminarda, həmçinin AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün NağısoyluFolklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professor Aydın Ələkbərov, Bakı Dövlət Universitetinin professorları Rüfət Rüstəmov, Ramiz Əskər, Vaqif Sultanlı, Məhərrəm Məmmədli və Tofiq Hacıyev, dosent Qızılgül Abdullayeva və başqaları çıxış edərək Fərhad Zeynalovun Azərbaycan türkologiyasının inkişafındakı xidmətlərindən danışıblar.

Sonda Fərhad Zeynalovun oğlu Vüqar Zeynallı seminarın yüksək səviyyədə təşkilinə görə jurnalın baş redaktoru Kamal Abdullayevə, çıxış edənlərə və seminar iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə Dilçilik İnstitutunun və “Türkologiya” jurnalının əməkdaşları, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: