www.science.az
27.06.2019 13:46

Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 15 illik fəaliyyəti ilə bağlı hesabat verib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) Gənc Alim və Mütəxəssislər Şurasının 15 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov son illər akademiyada çalışan gənclərin elmi-ictimai fəallığının yüksəldiyini söyləyib. Bildirib ki, elmin inkişafında gənclərin rolu çox önəmlidir. Bu baxımdan onlar daim öz bilik və bacarıqlarını inkişaf etdirməli, dünya elminə inteqrasiyada maraqlı olmalıdırlar. Alim gənclərə öz tövsiyələrini verib.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fiz.ü.f.d., dosent Famin Salmanov çıxış edərək bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti həmişə qənaətbəxş olub. AMEA-da gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən elmi müsabiqələrin qalibləri arasında həmişə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının olması bu müəssisənin alimlərinin fəaliyyətinin nəticəsidir.

Tədbirdə AMEA-nın müxbir üzvləri Vaqif QuliyevBilal BilalovQeylani Pənahov, AMEA-nın professoru Rövşən BəndəliyevMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva, RMİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının ilk sədri, riyaziyyat üzrə elmlər doktoru Mübariz Hacıbəyov çıxış edərək alimlərə uğurlar arzulayıblar.

RMİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riy.ü.f.d., dosent Famil Seyfullayev şuranın fəaliyyətinin institut rəhbərliyinin daim diqqətində olduğunu qeyd edib. O, gənclərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda elmi fəaliyyətinə görə fərqlənən alimlərə diplomlar, fəal gənc alimlərə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.