www.science.az
03.09.2014 00:00

Azərbaycan Prezidentinin Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib

Gəncədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə hazırlıq və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkə Prezidenti cənab İlham Əliyevin Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışaraq ötən dövr ərzində bu istiqamətdə görülən işləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra şəhərdə keçiriləcək yubiley tədbirləri ilə əlaqədar yaradılmış təşkilat komissiyasının sədri, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadan və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutur. Elə bu baxımdan onun yaradıcılığı dünya miqyasında öyrənilərək tədqiq edilib. Xüsusilə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə bu il keçiriləcək 220 illik yubiley tədbirləri ərəfəsində görkəmli şairin irsi daha geniş öyrənilməyə başlanılaraq bu sahədə uğurlu addımlar atılıb. Sərəncam imzalandığı gündən indiyədək şəhər icra hakimiyyətinin təşəbbüsü ilə şairin Almaniya muzeylərində saxlanan 256 ədəd əlyazmasının surəti Gəncəyə gətirilib. On bir monoqrafiyası çap etdirilib. Şəhərdə Mirzə Şəfi Vazeh muzeyi inşa olunub. Hazırda ədibin əsərlərinin yenidən tərcümə edilərək nəfis şəkildə nəşr olunması işlərinə başlanılıb.

Sonra şəhər İcra Hakimiyyəti başçısının müavini, professor Sevda Qurbanəliyeva, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, şəhər təhsil idarəsinin müdiri Zakir Hüseynov, mədəniyyət idarəsinin rəisi Sənan Hacıyev və başqaları çıxış edərək yubiley tədbirləri ilə bağlı görülən işləri diqqətə çatdırıblar. Eyni zamanda, yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən söhbət açılıb. Bildirilib ki, indiyədək yubileyə hazırlıq çərçivəsində ali və orta ixtisas məktəblərində müxtəlif tədbirlər, o cümlədən Mirzə Şəfi Vazehə həsr edilmiş ədəbi-bədii gecələr keçirilib. Şairin adına təqaüd təsis olunub. Şeir, musiqi, həmçinin şagirdlər arasında inşa yazı müsabiqələri təşkil edilib.

Yığıncaqda yubileylə bağlı nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülən işləri təhlil edilib və qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.